Bakının “8 Mart bazarından” REPORTAJ

8 Mart 2013 12:53 (UTC+04:00)



Bu gün onların bayramıdır. Sevib-sevilməyi hər gün hiss edənin də, bircə xoş söz üçün ilin ancaq bu gününü gözləyənin də, təbrik almayanda belə səbirlə gözləməyi bacaranın da bayramıdır. Bəlkə kimisi hiss etdirmir, bəlkə kimisi üçün bu gün başaqlarından heç nə ilə fərqlənmir, bəlkə kimisi üçün küləyin səsi çoxdan bəri gözlədiyinin qapı döyüşünü xatırladır, bəlkə kimisi üçün unudulmaq ən böyük cəzadır – hər şeyə rəğmən onlar bu günü yaşayırlar. Öz sevincləri və başqalarını günahları ilə bərabər. Sevinclərini gizlətdikləri kimi başqasının günahını da gizlətməyi bacarırlar - bu da onları zəif adlandıranlara ən böyük dərs. Unudulmaqlarının da günahını özlərində axtara biləcək qədər cəsarətlidirlər, başqasının günahını üzünə vurmayacaq qədər şəfqətli. Sevgi selində yaşadıqları günün xatirəsini bir ömrə sığdıracaq qədər güclü, özlərinə boşluqda bir xəyal dünyası yaradacaq qədər məharətli. Bağışlayandırlar, illərin acısını bircə xoş sözə qurban verəcək qədər. Yetər ki, bu sözü onlardan əsirgəməmək cəsarətinin tapan birini heç olmasa bu bayram günündə qarşılarında görsünlər. Yalan təbrikləri, yalan nəvazişləri, yalan vədləri, yalan sevgi etiraflarını belə üzünüzə vurmayacaqlar - buna əmin olun. Təkcə ona gör yox ki, yalan olduğunu bilə-bilə inanmaq istəyəcəklər, həm də ona görə ki, onlar sizi- KİŞİLƏRİ öz gözlərində və bütün dünyanın gözündə ucaltmaq kimi bir vəzifəni də daşıyırlar. Onları ən azı buna görə təbrik düşür...

20 manat və 4 qadın

Bu gün Bakı növbəti, bəlkə də adi, amma külək səsinə qarışan çiçək xışıltılı gününü yaşayır. Kişilər nə qədər özlərini xoş göstərməyə çalışsalar da, bayramın məsuliyyətini hiss etməmiş deyillər. Bəlkə xanım olduğuma görə kişi həmsöhbətlərim bu bayram günündə əslində düşündüklərini yox, demək gərəkənləri söylədilər. Bəlkə elə söylədikləri doğrudan da, ürəklərindəkidir. Bütün hallarda bu gün onlardan ancaq xoş söz gözlənildiyinin fərqindədirlər. İlk dəfə qadın azadlığı uğrunda mübarizəyə qalxan Klara Setkinin qarasınca deyinsələr də, narahatlıqlarını xanımların bayram əhval-ruhiyyəsində gizlətməyə çalışırlar. Lap elə evdəki 4 xanıma hədiyyə təlaşında olan həmsöhbətim kimi. Deyir ki, cəmi 20 manatı və evdən ondan hədiyyə gözləyən anası, həyat yoldaşı və 2 qızı var. "İndi bu 20 manatı onların arasında böl görüm necə bölürsən" təlaşını yaşayır. Ümidi harda və necə hazırlandığı bilinməyən ətriyyata qalıb. Satıcı ilə dil tapıb, görünür satıcıyla eyni cins olmaqları təlaşın böyüklüyünü anlamaqda yardımçı olub. 7 manata satılan ətriyyat dəsti 5 manata endirilib və 20 manat 4 xanım arasında beləcə bölüşdürülüb.

5 manatlıq romantika

Əvvəlki illərdən fərqli olaraq Bakıda bu il küçə ticarəti azalıb. Əgər əvvəllər bayram öncəsi hər tin başında, metronun giriş-çıxışında ucuz hədiyyələr kasıbların üzünü və cibini güldürürdüsə, indi küçə ticarəti kreditin qarşısında əriyib. Bunu satıcılar da deyir, alıcılar da təsdiqləyir.

"Gül dəstələri yavaş-yavaş sıradan çıxır. İndi evdəki qadınlara böyük gül dəstəsi almaq dəbdə deyil. Ondansa bir gül alırlar, üstünə də hədiyyə. Deyəsən qadınlar gül dəstəsinə verilən pulu çölə atılmış hesab edirlər. Ona görə də kişilər başqa hədiyyələr almaq məcburiyətindədir"- bunu gül satıcısı deyir. Gileylənməyinə baxmayın, son 2 gündə qiymətləri azı 3 dəfə artıraraq kişilərin romantikliyini əvəz edən realizminin qarşısına qiymət siyasətini qoyub. Həmsöhbətim bildirir ki, ən yaxşı satılan gül nərgizdir. Həm ucuz, həm də gözəl. Amma bahalaşma ümidini nərgizə bağlayanların da ümidini boşa çıxarıb. Əsasən Bakı kəndlərindən gətirilən nərgiz gülünün dəstəsi artıq 2 manata yüksəlib. Bir gün əvvəl manat, bir həftə əvvəl isə cəmi 50 qəpiyə idi. Bayramı bir qızılgüllə "ötürmək" istəyənlər üçünsə harda satılmasından asılı olaraq 3-5 manat kifayət edər. Bu gül satıcılarının əsas müştərisi maşın sahibləridir. Yoldakı gülsatandan maşındakı xanıma 1 ədədi 5 manata qızılgül gül alıb romantik olduğunu sübut edə bilirlər. Gül satıcısı olan gənc "xanım üçün gül aparacağı" sualına "Elə onun üçün satıram ki, xanıma hədiyyə alım" deyə cavabını verir. Hərçənd ki dediyinə nə özü, nə də biz inanırıq. Gülü hardan aldığına gəlincə ünvan kimi gül dükanlarını göstərir. Ordan al-burda sat – qazanc hər güldə azı 3 manat. Ancaq bir şərtlə ki, yeri düzgün seçə və bəxtinə bahalı maşınların imkanlı sürücüləri düşə...

Yaşlıyıq, bala...

Metronun çıxışında bir qadın oturub. Qarşısında cəmi bir dəstə nərgiz. Gəlib-gedən hər kəsə təklif edir. Düz yanındakı gənc xanımın da nərgiz satması hövsanlı xalanın bazarını bağlamağa kifayət etməyib. Gətirdiyi bütün dəstələri satıb, ancaq bir dəstə nərgizi qalıb ki, onu da bizə təklif edir: "30 dəstə gətirmişdim. Hövsanda bağçamızda əkirik. Özümüz gətirib satanda nəsə qazanırıq, kəndə gəlib alverçilər dəstəsi 20 qəpiyə alır". Heç olmasa bayram günlərində nəsə qazanmaq ümidi ilə gəldiyi "şəhərdən" əliboş dönməyəcək: "Tək-tək alanlar da olur. Amma mən gələn kimi 10 dəstəsini bir yerdə satdım. Qoca bir kişi aldı". Biz də sizin kimi əvvəlcə həmin qaca alıcının gülləri yaxınlarına aldığını düşündük. Yanıldıq: "Aparıb Tarqovıda dəstəsi 2 manata satacaq. Qoca kişidir, hamı gülü ondan alacaq. Mən 2 saatdır gəlmişəm, hamısını satmışam. Yaşlıyıq, buna görə çoxları gülü bizdən alır. Bircə dəstə qalıb, onu da sən al". Yenə təklif, bu dəfə yerə salınmayan. Beləcə biz də özü-özünü nərgizlə təbrik edənlər sırasına qoşuluruq...

Divan, serial və çay arzusu

Hövsanlı xala gül alanlara limon da təklif edir. Çox keçmir yanına "bacı" dediyi bir xanım da yaxınlaşır. Sözə başlayan kimi məlum olur ki, hövsanlı xanımın "obyekt ortağı" olan "bacısı" lənkəranlıdır. Bir təklif də ondan gəlir, gülə yox , limona. Bir-biri ilə dost olduqlarını söyləyən xanımlar görün nəyin arzusundadır: "Bizim yaşımızdakılar indi divanda oturub çay içə-içə seriala baxırlar". Onlar üçün divanda oturub seriala baxmaq arzudur, bəlkə də 8 mart arzusu. Bütün arzular çin olsaydı nə vardı ki?

Kredit küçə ticarətini "əridib"

Qadınların ən çox xoşladığı hədiyyələr arasında olan ətriyyat bazarında canlanma var. Söhbət təkcə ucuz və saxta təbriklər qədər saxta olan ətirlərdən getmir. Tanınmış ətriyyat mağazaları şəbəkələri bayrama özəl kampaniyalar aparırlar. 1+1 və neçə faizlik endirimin sədası qulağa xoş gəlsə də cibi yandırır. Amma buna baxmayaraq, müştəri sarıdan korluq çəkmirlər. Əksər qurumlar öz xanım əməkdaşlarına bu mağazalardan hədiyyə kartları təqdim edir, alacağınız hədiyyə bahalı olarsa üstünü düzəltmək azım gələcək. Əvvəl 50 manata alınan ətir kampaniyalarla bağlı bir az da qiymətlənib. Bununla belə təklifin cəlbediciliyi müştərilərin sayını artırır. Həmin mağazaların təklif etdiyi kredit xidməti isə bayram ərəfəsində küçə ticarətini demək olar ki, sıradan çıxarıb. İndi xanımlara hədiyyəni də kreditlə almaq mümkündür. Belə olan halda ucuz və saxta hədiyyələrlə xanımların qəlbini qırmaq nəyə lazım? İlkin ödənişini et, al və krediti elə hədiyyə verilən xanıma da ödətdirmək olar. Bu da bir təsəllidir. Xanımlara hədiyyə, kişilərə isə xərc təsəllisi...

****
Bu gün bütün qadınların bayramıdır. İlin 365 gününün ancaq bir günü xatırlanmağı bayram yox, təhqir hesab edənlər də daxil. Onların düşüncəsi fərqlidir, kişilərin düşüncəsi ilə desək "ağıllıdır". Beləcə hədiyyə kimi xərcdən "xanımım təkcə 8 mart günü xatırlanmaq istəmir" deyə yaxa qurtaranların üzü gülür. Amma inanın ki, hətta bunu söyləyən qadın belə qapını açanda qarşısındakı gülü görəndə sevincini gizlədə bilməyəcək. Buna görə də digər 364 günü 1 günə qurban verməyə dəyər...

P.S.Bu gün onların bayramıdır. Gözləri yolda, qulağı səsdə, ürək döyüntüsü qapı döyüntüsündən bərk olanların bayramı. İlin bu günündə unudulmaqları ilə barışmayan, amma könlündəkiləri onu çoxdan unudanlara açmaq da istəməyən unudulan qadınların, sevgililərin bayramı. Kiminsə ovcuna axıtmaq üçün göz yaşlarında boğulan anaların bayramı. Gözləri yol çəkir, ürəkləri dərd - övlad dərdi, ata dərdi, Vətən dərdi. Bəlkə heç olmasa 365 günün bir günündə onların dərdinə şərik olaq...

Elnarə ƏLOSMANQIZI
AzNews.az

(Fotolar bir az sonra əlavə olunacaq)