“Azərbaycan neft və qazdan asılılığına son qoyacaq” - “Fitch” beynəlxalq reytinq agentliyi

16 Mart 2018 11:44 (UTC+04:00)

Agentliyin hesablamalarına görə, Azərbaycan tədricən neft və qazdan asılılığına son qoyacaq, çünki Sovet dövründən qalan neft yataqları artıq hökuməti yeni gəlir mənbələrini inkişaf etdirməyə sövq edir: “OPEC-lə əldə olunan razılaşmaya əsasən 2017-ci ildə neft hasilatı azaldılıb. 2018-ci ildə reallaşacaq “Şahdəniz-2” layihəsi nəticəsində isə gələcək inkişafa nail olunacaq. Layihənin strateji əhəmiyyəti gələcəkdə onun transsərhəd mahiyyəti, o cümlədən daxili öhdəliklərin və tranzit ölkələri, Avropa Birliyi və istehlakçıların siyasi dəstəyi ilə möhkəmlənəcək. 2045-ci ilədək artıq qaz ehtiyatlarının böyük hissəsi Avropa Birliyi və Türkiyə hökuməti tərəfindən alınıb.

Agentlik mütəxəssisləri qeyd edib ki, 2017-ci ildə “Cənub Qaz Dəhlizi” aşağıdakı beynəlxalq maliyyə təşkilatlarından birbaşa vəsait cəlb edib: "Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (İBRD) 0,4 milyard dollar, Asiya İnfrastruktur və İnkişaf Bankından (AİİB) 0,6 milyard dollar, Asiya İnkişaf Bankından (ADB) 1 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 0,5 milyard dollar həcmində dövlət zəmanətli kredit cəlb olunub”.

““Fitch” “Cənub Qaz Dəhlizi” QSC-nin yüksək təminatsız beynəlxalq bazarlarda yerləşdirilən istiqrazlarının uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiq edib. Proqnoza görə, QSC-nin əməliyyatlar və kapital xərcləmələri üçün tələb olunan maliyyə vəsaiti 2018-2019-cu illərdə 2,2 mlrd. dollara yaxın olacaq: “Orta müddətli dövrdə maliyyələşmə ilə bağlı “Cənub Qaz Dəhlizi” Konsorsiumunun inkişaf institutlarından kredit cəlb edəcəyini proqnozlaşdırırıq”.