Təşkilat ABŞ-ın, hesabat erməni lobbisinin...

16 Aprel 2018 12:29 (UTC+04:00)

“Human Rights Watch”un Azərbaycanla bağlı hesabatlarında əsasən jurnalistlərin azadlığının məhdudlaşdırılması, internet azadlığının təhdid olunması, bloggerlərin sıxışdırılması və həbsə atılması, həbsxanalardakı vəziyyətin dözülməz olması, məhbuslara işgəncələr verilməsi və s. kimi saxta, subyektiv mülahizələr yer alır. Yəni bu tipli hesabatlar radikal müxalifətin və onun tör-töküntülərinin qrantlar müqabilində antiazərbaycan dairələrə ötürdükləri cəfəngiyyatdan başqa bir şey deyil. Həmçinin, bu antiazərbaycançı hesabatlar bəzi Qərb dairələrindən maliyyələşən qeyri-obyektiv QHT-lərin yalan və böhtan xarakterli məlumatları əsasında tərtib olunur və bu məlumatların Azərbaycanın bugünkü reallıqları ilə heç bir əlaqəsi yoxdur. Çünki bu hesabatları oxuyanda adama elə gəlir ki, bütün material ölkəmizdəki dağıdıcı müxalifət partiyalarının və antiazərbaycan dairələrin “beşinci kolon”u olan bəzi QHT-lərin ofislərində yazılıb.

Bu gün demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində böyük uğurlar əldə edən Azərbaycan, artıq regionun lider dövlətinə çevrilib. İnsan hüquq və azadlıqlarının müdafiəsinin, mətbuat, söz, fikir azadlıqlarının təmin olunması baxımından davamlı islahatlar həyata keçirilir. Bu istiqamətdə qanunvericilik bazası da daim təkmilləşdirilir. Şübhəsiz ki, bunlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. Amma di gəl ki, Azərbaycanın bütün uğurları, nailiyyətləri antiazərbaycan dairələri, xüsusən də erməni lobbisini ciddi narahat edir. Ona görə də bu şəbəkə zaman-zaman fəallaşaraq ölkəmizə qarşı “qara piar” kampaniyası apararaq Azərbaycan haqqında mənfi ictimai rəy formalaşdırmağa çalışırlar. Amma onların heç bir əsası olmayan qərəzli xəbərləri, dezinformasiyaları, əsassız iddiaları məkrli əməlləri həmişə konkret faktlarla ifşa edilir.

Artıq sirr deyil ki, bu üzdəniraq antiazərbaycan beynəlxalq şəbəkə erməni lobbisindən aldığı qrantlar və sifarişlər əsasında ölkəmizə qarşı birləşib. “Fredoom House”, “Amnesty International” və “Human Rights Watch” kimi bu beynəlxalq təşkilatların erməni lobbisinin təsiri altında olması Azərbaycana çox yaxşı bəllidir.

Təkcə bir fakta diqqət edək: ABŞ-ın düşüncə quruluşlarını ən çox maliyyələşdirən qurum “Carnegie Corporation”dır. Bu təşkilatın rəhbərliyi başdan-ayağa ermənilərdən ibarətdir. Belə ki, korporasiyanın prezidenti Vartan Qreqoryan, İdarə Heyətinin üzvü Diyereyiyan, Avrasiya və Rusiya üzrə direktoru isə Diana Arseniyandır. Vartan Qreqoryan həmçinin “Human Rights Watch” təşkilatının da İdarə Heyətinin üzvüdür. Hansı ki, bu təşkilat Azərbaycanı ən çox tənqid edən qurumlardan biridir. Diana Arseniyan isə erməni lobbi təşkilatı “Armenian Assembly”nin İdarə Heyətinin üzvü olub.

Artıq əlavə şərhlərə ehtiyac yoxdur. Azərbaycanın beynəlxalq miqyasda getdikcə artan nüfuzuna zərbə vurmaq məqsədi daşıyan kampaniyanın arxasında erməni lobbisi və bəzi antiazərbaycan dairələrin dayanması bir aksiomadır. Amma bu təşkilatların ölkəmizə qarşı iftiraları, şantaj xarakterli hesabatları gec-tez bumeranq effekti ilə həmin dairələrin özlərinə qarşı işləyəcək. Çünki Azərbaycan öz haqq yolu yolu ilə irəliləyir və üzv olduğu bütün nüfuzlu beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə sadiqdir.

Elgün
AzNews.az