Bu il 56 rayon və şəhərdə əmək yarmarkaları keçiriləcək

16 Aprel 2018 16:35 (UTC+04:00)

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədinə yönələn bu aktiv məşğulluq tədbirlərinin təşkili ilə əlaqədar işəgötürənlərlə əməkdaşlıq şəraitində müvafiq hazırlıq işləri aparılır.

Bildirilib ki, yarmarkalar zamanı müvafiq rayon və ya şəhər üzrə idarə, müəssisə və təşkilatlarda olan boş (vakant) iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunacaq. Həmin vətəndaşlara seçdikləri və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Eyni zamanda, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Dövlət Məşğulluq Xidmətinin Əmək Birjalarının fəaliyyət göstərdiyi şəhərlərdə keçirilən əmək yarmarkalarında isə müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən vətəndaşlar üçün həmin birjaların iştirakı da təmin ediləcək.

Məlumata görə, cari il ərzində həmçinin ölkəmizin təqribən 10 ali təhsil müəssisəsində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, ötən il ölkənin rayon və şəhərlərində keçirilən əmək yarmarkaları zamanı vakant iş yerlərinə göndəriş verilən vətəndaşlardan 90 faizə qədəri həmin iş yerlərində işlə təmin ediliblər.