“Bir növ elektrik stulunda oturana bənzəyirsən” - Yuri Maksimov

18 Aprel 2018 22:50 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Yuri Maksimov səfərdə “Sumqayıt”la 1:1 hesablı heç-heçə edərək, finala yüksəldikləri Azərbaycan Kubokunun yarımfinal matçından sonra mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin sualları cavablandırıb:

- “Keşlə”də istənilən halda qalmayacağınızı demisiniz. Finala yüksəldikdən sonra da fikrinizdə qalırsınız?

- Komanda oynayanda hər şey yaxşı gedir. Əks halda, müəyyən problemlər ortaya çıxır. Mən perspektivə oynayıram. Müqaviləm mövsümün sonunadəkdir.

- Amma klub prezidenti Zaur Axundov müqavilənizə baxılmasının mümkünlüyünü bildirdi...

- Açığı, məşqçi işi elədir ki, daim gərginlikdə olursan. Bu gün mətbuat konfransında mənəmsə, sabah başqası otura bilər. Bir növ elektrik stulunda oturana bənzəyirsən.

- Finalda kimi rəqib kimi görmək istərdiniz?

- İstərdim ki, finalda “Qəbələ” ilə qarşılaşaq. Çünki Roman Qriqorçuk mənim həmyerlimdi. Ukrayna çempionatında da üz-üzə gəlmişik. Aramızda intriqalar da, söz-söhbətlər də olub.

- İndiyədək Azərbaycanda heç bir ukraynalı baş məşqçi kubok qazana bilməyib...

- İndiyədək iki dəfə finalda oynamışam. Bu, “Bavariya”ya qarşı olub. Birində udmuşuq, digərində uduzmuşuq. Bu dəfə isə inanıram ki, qalib gələ biləcəyik.