Azərbaycanlı baş məşqçinin komandası Küveytdə keçirilən çempionatda 1-ci yerə çıxdı

22 Aprel 2018 12:23 (UTC+04:00)

AzNews.az Küveyt Dövlətindəki Səfirliyinə istinadən xəbər verir ki,“Əl-Şəbəb” klubunun baş məşqçisi həmyerlimiz E.İbrahimin yetirmələri bir il ərzində bütün kateqoriyalarda birinci olublar.

Klub 2017-2018-ci il mövsümündə ən yüksək xal - 20 xal toplayaraq əsas kuboka da sahib olub. Bu, Küveyt Karate Federasiyası yaranan tarixdən bugünədək ən yüksək nəticədir. Çempionatın bağlanış mərasimi zamanı “Əl-Şəbəb” klubunun baş məşqçisi həmyerlimiz E.İbrahim və onun yetirmələri Küveytin “Əl-Havalli” rayonunun qubernatoru, Vəliəhdin oğlu Şeyx Əhməd Əl-Nafav və KKF-nin prezidenti Mənəhi Əl-Fadli tərəfindən mükafatlandırılıblar, onlara kubok, fəxri fərman və hədiyyələr təqdim olunub.

Karate üzrə dünya və Avropa çempionu E.İbrahim 5 il Küveytin karate üzrə milli komandasının baş məşqçisi kimi fəaliyyət göstərib. Hazırda isə o, KKF-nin “Əl-Şəbəb” klubunun baş məşqçisi olaraq küveytli karateçiləri ölkə çempionatlarına və beynəlxalq yarışlara hazırlayır. Onun yetirmələri bir çox nüfuzlu yarışlarda yüksək nəticələr əldə ediblər.