Şagird məktəbdə nədən zəhərlənib? - Direktordan açıqlama

26 Aprel 2018 11:44 (UTC+04:00)

Ağsu şəhər 2 saylı tam orta məktəbin direktoru AzNews.az-a açıqlamasında bildirib ki, 4-cü sinif şagirdi Əzizağa Nəsibov məktəbdə satılan ərzaqdan zəhərlənməyib:

“Şagird bufetdə satılan hər hansı bir ərzaqdan zəhərlənməyib. Məktəbə gələrkən evdən nəsə gətirib, onu yeyib. Hazırda evdədir, özünü yaxşı hiss edir, səhhətində də heç bir problem yoxdur”.

Ağsu Rayon Xəstəxanasından isə bildirdilər ki, Əzizağa Nəsibovun hansı ərzaqdan zəhərlənməsi hələ aydınlaşmayıb: “Xəstədən nümunələr götürülüb. Analizin cavabı çıxandan sonra zəhərlənmənin səbəbi bəlli olacaq”.

Qeyd edək ki, Ağsuda zəhərlənmə hadisəsi baş verib. Mətbuatda yayılan xəbərlərə görə, Ağsu şəhər 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Nəsibov Əzizağa Vüqar oğlu məktəbin bufetində satılan qablaşdırılmış quru çörəyi alıb yedikdən sonra zəhərlənib. O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib

Bahar RÜSTƏMLİ
AzNews.az