Əhmədinejat alverə başladı

15 Mart 2013 08:22 (UTC+04:00)



Bu ilin aprelində keçiriləcək seçkilərə hazırlaşan İran prezidenti Mahmud Əhmədinejat alverə başlayır. O, prezident olduğu müddətdə aldığı bütün rəsmi hədiyyələri hərraca çıxarıb. Prezident satışdan əldə etdiyi vəsaiti yoxsullara sərf edəcəyini bildirib.

Keçmiş İran şahı Rza Pəhləvinin iqamətgahı olan Şahabad sarayında keçirilən ilk hərracda satılanlar arasında qiymətli saatlardan tutmuş zinət əşyalarına qədər hər şey var. Əhmədinejatın bir çox rəsmi sənədləri imzaladığı qələmi isə təqribən 10 min dollara satılıb.

Üzərində almazlar olan bu qələm "Mont Blanc" markasına aiddir və 1930-cu illərdə məşhur komediya ustası Çarli Çaplinin anası üçün sadəcə 88 ədəd istehsal edilmişdi.

Əhmədinejat ilk hərracdan 300 min dollara yaxın pul əldə edib. Bu vəsait İran-İraq müharibəsi qaziləri, dul və uşaqlı qadınlar üçün ev tikintisinə sərf ediləcək.


Elnarə Əlosmanqızı
AzNews.az