Borcu olanların telefonu kəsilməyəcək

19 Mart 2013 10:15 (UTC+04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində də Novruz Bayramı günlərində iş rejimi dəyişəcək. Nazirlikdən Aznews.az –a bildirilib ki, əhalinin telekommunikasiya və informasiya texnologiyaları, o cümlədən mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsi məqsədi ilə məsul növbətçilər təşkil ediləcək.

Həmin günlərdə də telekommunikasiya və informasiya texnologiyaları xidmətləri və radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işi təmin ediləcək. Bayram günlərində kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması planlaşdırılıb. Əhalinin qəzasız bayram keçirməsi üçün profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi, yanğın təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi üzrə müvafiq tədbirlər də görüləcək. Naziklikdən verilən göstərişə əsasən, bayram ərəfəsində və bayram günlərində telefonların fasiləsiz işinin təmin edilməsi məqsədilə, rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur.
Bayramla əlaqədar rabitə xidmətlərində güzəşt kampaniyasının keçirilməsi də planlaşdırılıb. Abunəçilərin rahatlığı və bayram ovqatının yüksəldilməsi üçün bir sıra əlavə tədbirlər də həyata keçiriləcək.

Ruhiyyə
Aznews.AZ