“Xırman” şirkəti əsassız ittihamlara cavab verdi - Yenilənib

14 İyun 2018 14:46 (UTC+04:00)

"1997-ci ildən etibarən fəaliyyət göstərən Xırman şirkəti adi bir çörək sexi deyil, ölkə ərazisində geniş istehsal infrastrukturuna malikdir. Şirkətimiz istehsal etdiyi müxtəlif çeşidli məhsullarla bazarda layiqli yerini tutub. Təbii xammaldan istifadə edərək yüksək keyfiyyət göstəricilərini əsas tutan şirkətimiz un və çörək məmulatları, qatılaşdırılmış süd, yağ və digər süd məhsulları istehsalında ən son texnologiyaların istifadəsi ilə istehlakçıların böyük rəğbətini qazanıb. Bir sözlə, 21 ildir çəkdiyimiz əziyyət, gördüyümüz işlər göz qabağındadır və şirkətimizin adına və imicinə yaraşmayan xəbərlərin yayılmasına təəssüf edirik."

Eyni zamanda, sosial şəbəkə istifadəçisi Nicat Nəsirli də öz şəxsi hesabında sanitar-gigiyenik tələblərə cavab verməyən fotoları paylaşaraq, görüntülərin Sumqayıt avtovağzalı yaxınlığında çəkildiyini bildirib.

AzNews.az çörək daşıyan avtomobilin Sumqayıt rayonunda qeydiyyatda olduğunu əks etdirən fotonu təqdim edir:



13.06.2018
16:45


“Biz çörəyin daşınması ilə deyil, istehsalı ilə məşğuluq”.

Bunu AzNews.az-a açıqlamasında “Xırman” şirkətinin hüquqşünası Sahib Aslanov çörəklərin mağazalara minik avtomobillərinin ayaqaltı hissəsində daşınmasına münasibət bildirərkən deyib. O, şirkətin mülkiyyətində “Lada”, “Juqili” və s. kimi nəqliyyat vasitələrinin olmadığını bildirib:

“İstehsalat bazasına daxil olan nəqliyyat növlərinin hər biri gigiyena qaydalarına əməl olunan maşınlardır. Biz çörəyi ancaq o maşınlara təhvil veririk. Şirkətin mülkiyyətində “Lada”, “Juqili” və s. kimi nəqliyyat vasitələri yoxdur. Kimsə çörək alıb onu hansısa maşında daşıyırsa buna görə məsuliyyəti özü daşıyır”.

***

14:04

Bakıda çörəklərin gigiyena qaydalarına uyğun olmayan şəkildə daşınması faktı məlum olub.

AzNews.az xəbər verir ki, jurnalist Zülfiyyə Quliyeva sosial şəbəkədə bu faktla bağlı foto paylaşıb. Fotodan görünür ki, çörəklər mağazalara minik avtomobillərinin ayaqaltı hissəsində daşınır.

Jurnalist statusunda yazıb: “Görün biz necə çörək yeyirik... Binəqədidə “Xırman” çörək zavodu var. Ordan da məhəlləmizdəki marketlərə çörəyi pis gündə bir maşın daşıyır. Görəsən özünün ailəsi yeyirmi bu çörəkdən?!”.

Bahar RÜSTƏMLİ
AzNews.az