Facebookda 1 mesaja 1 manat

25 Mart 2013 11:15 (UTC+04:00)


Yeni qaydalara görə, dost siyahınızda olmayan başqa bir istifadəçiyə mesaj göndərmək ödənişli olacaq. Belə ki, sizin dost siyahınızda olmayan birinə göndərdiyiniz mesaj, istifadəçinin zaman tunelində mesaj bölməsinin "digər" qovluğuna düşür. Buna görə də əksər hallarda mesajı göndərdiyiniz şəxs sizin mesajınızdan xəbərsiz olur. Əgər belə halların baş verməsini istəmirsinizsə, təxminən 1 manat ödəyərək göndərdiyiniz mesajın istifadəçinin "gələn mesajlar" qovluğuna düşməsini təmin edə bilərsiniz.
Bununla da facebook uzun müddətdir sözü gedən layihəsini həyata keçirmiş olub. Qeyd edək ki, ödəniş etmək üçün sizə kredit kartı lazımdır. Mesaj göndərmək istədiyinizdə qarşınıza gələn xəbərdarlıq pəncərəsi sizi bu barədə istiqamətləndirir. Ödəniş yerinə yetirildikdən sonra mesaj qarşı tərəfə çatdırılır. Maraqlıdır ki, facebook istifadəçiləri bu tətbiqə necə reaksiya verəcəklər. Çünki bu tətbiq hələ fikir mərhələsindəykən belə çox danışılmış və mübahisələrə səbəb olmuşdu.

Xəyalə Məmmədova
AzNews.az