AXCP üzvü saxta pula görə saxlanıldı

26 Mart 2013 14:28 (UTC+04:00)
Ötən gün Sumqayıtda AXCP-nin yerli təşkilatının gənc fəalı Daşqın Məlikov saxlanılıb. Turan-a AXCP-dən verilən məlumata görə, onun üzərindən 200 manat saxta pul götürülüb.

Lakin by pullar hələ 2008-ci ildə Daşqının qardaşının toyunda aşkarlanıb. Ailə polisə müraciət etsə də, polis təhqiqat aparmayıb və pulları onlara qaytarıb.

AXCP Məclisinin üzvü Elçin Həsənov hesab edir ki, D.Məlikovu qanunsuz olaraq polisdə saxlayırlar. Öz növbəsində, Sumqayıt Şəhər Polis İdarəsindən Turan-a D.Məlikovun saxlandığını təsdiq ediblər və bildiriblər ki, o, Şüvəlan təcridxanasına göndərilib. Lakin polis onun nədə ittiham olunduğunu konkretləşdirməyib.

AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlının sözlərinə görə, D.Məlikovu avtobusda olarkən mülki geyimli şəxslər tutublar. O qeyd edib ki, gənc saxta əskinasları "suvenir" kimi saxlayırmış.

Ə.Qurbanlı hesab edir ki, D.Məlikov etiraz aksiyalarında iştirakı və sosial şəbəkələrdəki bloger fəaliyyəti ilə əlaqədar siyasi motivlərlə saxlanılıb. Gəncin hüquqlarını vəkil Əsabəli Mustafayev müdafiə edir. Lakin o hələ D.Məlikovla görüşə bilməyib.

AzNews.az