Fazil Mustafa “ölüm hökmü”ndə israr edir

26 Mart 2013 17:12 (UTC+04:00)
Getdikcə artmaqda olan cinayət faktları arasında rast gəlinən ölüm halları cəmiyyətdə birmənalı qarşılanmır. Xüsusilə də son dərəcə qəddarlıqla həyata keçirilən uşaq qətllərinin statistikasındakı artım artıq neçə illərdir, ləğv olunan ölüm hökmünün bərpasını gündəmə gətirib.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə artıq Milli Məclisdə ölüm hökmünün bərpası məsələsini qaldıracağını deyib. Millət vəkili hansı səbəbdən bu məsələni parlamentdə qaldırmaq fikrinə düşməsi barədə AzNews.az-a açıqlama verib. Onun sözlərinə görə, ölüm hökmünün bərpası heç də bəzilərinin iddia etdiyi kimi demokratik dəyərlərdən imtina anlamına gəlməməlidir:

"Ölüm hökmünün tətbiqi hansısa ölkənin demokratik olub-olmamasını müəyyən etmir. Ölkədə ölüm hökmü ləğv oluna bilər, amma demokratiya lazımi səviyyədə inkişaf etməz. Bizdə də bir çox demokratik institutların ləng inkişafı onu göstərir ki, demokratiyanın inkişafı ilə ölüm hökmünün ləğvinin heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, bizim kimi ölkələrdə hüququn tam şəkildə işləmədiyi, insanların öz hüquqlarını qorumaq imkanlarının, potensialının zəif olduğunu nəzərə alsaq, burada xüsusi kateqoriyalı cinayətlər üçün ölüm hökmünün bərpası barədə düşünmək olar".

Xüsusən də uşaq qatilləri ilə bağlı belə bir hökmün tətbiqi zəruri saydığını söyləyən millət vəkili fikirlərini belə əsaslandırır: "Hardasa böyüklərə qarşı belə bir cinayətin tətbiqini anlamaq olar. Belə hallarda böyüklərin ən azı özlərini müdafiə imkanları var, amma körpə uşaqları öldürməyin adı vəhşilikdir. Belə bir vəhşinin də Azərbaycan cəmiyyətində ömürlük həbsdə saxlanmasının heç bir adı yoxdur. Bu cür cinayətkarların törətdiyi əməlin bədəlinin ödənməsi üçün konkret addımlar atmaq lazımdır. Eyni zamanda mən təkcə uşaq ölümlərini nəzərdə tutmuram, həm də uşaqların narkotikə, onun alverinə cəlb olunmasına görə də bu hökmün tətbiqinin vacib olduğunu düşünürəm. Eyni zamanda azyaşlı uşaqlara cinsi təcavüz məsələsində də ölüm hökmünün verilməsini məqbul sayıram".

Gültəkin
AzNews.az