“Məni görən kimi əl-ayağa düşürdülər” - Naibə Allahverdiyeva

9 Avqust 2018 15:28 (UTC+04:00)

Bunu AzNews.az-a xalq artisti Naibə Allahverdiyeva deyib. Sənətkarın sözlərinə görə, ona ən böyük hədiyyə 55 illik yubileyində verilib:

“Dövlətim gözləmədiyim anda məni xalq artisti fəxri adına layiq gördü. Aktyor üçün bundan gözəl nə ola bilər? Sözün düzü çox sevindim, fərəhləndim. Dövlət sənətkarların qayğısına qalır”.

Naibə Allahverdiyevanın fikrincə, sənətkarı ruhlandırmaq, qiymətləndirmək onun ömrünün uzanması deməkdir:

“Açığı, mən sənətdən çox incimişdim. Adam dəyərini almayanda, sayılmayanda sınır. Biz yaradıcı insanlarıq. Özümə görə pərəstişkarlarım var. Demirəm ki, hamı məni sevir? Müəyyən insanlar var ki, həmişə mənimlə maraqlanırdılar. Sual verirdilər ki, niyə sizə “xalq artisti” adı vermirlər. Deyirdim ki, dövlət nə zaman məsləhət bilsə, o zaman qiymətimi alacam. Məsələn, adi yanacaqdoldurma məntəqəsinə girirdim. Məni görən kimi tez əl-ayağa düşürdülər. Deyirdilər ki “xalq artistidir, onun benzinini normal vurun”. İnsanlar mənə bu sayğını duydu, dövlət də təsdiqlədi”.

Bahar RÜSTƏMLİ
AzNews.az