Sterilizasiya qurğusunun zavod sınaqları uğurla başa çatdı

27 Mart 2013 15:03 (UTC+04:00)
Macarıstanda Azərbaycanın sterilizasiya qurğusunun zavod sınaqları uğurla başa çatıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribovun APA-ya verdiyi məlumata görə, qurğu yaxın günlərdə Azərbaycana göndəriləcək. İlk olaraq qurğunun dəmir hissələri gətiriləcək. Şüalanma mənbələri isə qurğu üçün bina tam hazır olandan sonra göndəriləcək.

A. Qəribov deyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) maliyyəsi ilə sterilizasiya qurğusu üçün əlavə dozimetriya və keyfiyyətə nəzarət laboratoriyaları yaradılacaq. Laboratoriyalar üçün cihazların alınması ilə əlaqədar A. Qəribov yaxın vaxtlarda AEBA-nın mənzil-qərargahına səfər edəcək.

Qeyd edək ki, sterilizasiya qurğusunun alınması ilə bağlı Azərbaycanla AEBA arasında müqavilə 2011-ci ilin dekabrın 21-də imzalanıb. Sterilizasiya qurğusu ilə bağlı AEBA-nın elan etdiyi tenderi Macarıstanın İzotop İnstitutu udub. Qurğu istifadəyə verildikdən sonra Azərbaycanda taxıl, kartof və digər ərzaq, kənd təsərrüfatı məhsullarının, tibbi avadanlıqların vaxtından əvvəl xarab olmasının qarşısı alınacaq, həmçinin qədim xalçaların, şəkillərin, abidələrin dayanıqlığını daha da artırmaq mümkün olacaq.

AzNews.az