Fermer quzuların bayram qiymətini açıqladı: “130 manata satacağam”

14 Avqust 2018 12:31 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Kənd Təsərrüfatı naziri İman Kərimovla görüşən fermer, Quba rayon sakini İldırım Məmmədov Qurban bayramı ilə əlaqədar fermerləri insaflı olmağa səsləyib. O, fermerləri bayramda qoyun-quzu satışında kasıb təbəqəni nəzərə almaqlarını tövsiyyə edib:

“Fermerlər, Qurban bayramında ucuz qiymətə üstünlük verin, əvəjdadınızın da qiymətini üstünə qoyub satmayın. İnsanlar kasıbdı, çarəsi olmayanlar var. Biz sahibkarları Allah kasıblar üçün yaradıb, onları da düşünməliyik. Qoyunları od qiymətinə satmayın, insanlar yazıqdı. Onlar bizə möhtacdı. Bizə möhtac olan insanlara gərək əl tutaq. İnsaflı, vicdanlı olun, Allahın bayramında alver etməyin”.

İldırım Məmmədov qeyd edib ki, bazarda 170 manata olan quzuları bayram günü 130 manata satışa çıxaracaq: “Mən alverçi deyiləm. Heyvanı heç bir vaxt tərəziyə qoyub satmamışam. Bunu etmərəm, peyğəmbərin yolu ilə gedirəm, optovoy satıram. Məndən alıb aparıb üstünə qoyub satacaqsa günah da onundu”.

Bahar RÜSTƏMLİ
AzNews.az