Tətil edən neftçilərin tələbləri yerinə yetirildi

29 Mart 2013 10:38 (UTC+04:00)


Martın 18-də Azərbaycan Dövlət Neft Şirkətinə məxsus "Bos Shelf" şirkətində 2000-ə yaxın fəhlənin tətilinə səbəb olan tələblərin əksəriyyəti yerinə yetirilib. Buna görə də fəhlələrin aprelin 1-də yenidən tətil etməsi üçün əsas olduğunu düşünmürəm". Bunu AzNews.az-a Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

M. Qəhrəmanlının sözlərinə görə, ilk növbədə həmkarlar təşkilatının sədri dəyişdirilərək bu posta Allahyar Eyyubov seçilib: "Allahyar Eyyubov müstəqil şəxsdir, inanıram ki, onun fəaliyyəti məsələlərin həllinə kömək edəcək. Hazırda Allahyar Eyyubov sexləri gəzərək rəhbərlik üçün vəziyyətə dair hesabat hazırlayır".

Fəhlələrin tətilinə səbəb olan bir sıra tələblərin yerinə yetirildiyini bildirən M. Qəhrəmanlı qeyd edib ki, ilk növbədə əmək müqavilələri dollarla yox, manatla bağlanacaq. Bu zaman dolların ən yüksək kursu nəzərə alınacaq. Bundan başqa Dərin Özüllər Zavodundan "Bos Shelf"ə gələn işçilərin əmək haqqı arasındakı fərq aradan qaldırılacaq. Fəhlələrin tələbinə uyun olaraq tibbi sığorta məsələsi də həll edilib. Fəhlələrin ailələri də 50 faizlik tibbi sığortadan yaralanacaq.

Tətil edən fəhlələrin əcnəbilərin yerli çalışanlar təhqir etməsi ilə bağlı söylədikləri isə təsdiqini tapmayıb: "Onlar belə bir fakt göstərə bilmədilər. Əgər fakt olsaydı bu məsələyə də diqqət yetirilərdi. Həmçinin birlik əməkdaşları yeməkxanaya da baxış keçirib, yeməklərin çox çeşidliyi məlum olub. Ancaq hələlik yeməkxanada növbələr yaranır. Yəqin ki, bu məsələ də həllini tapacaq".

Fəhlələrin əmək haqqını aprelin 1-dən 50 faiz artırılması tələbinə gəlincə isə, bu, hələlik mümkün deyil: "İşçilərin əmək müqavilələrinin hələlik 6 aylıq bağlanır. Gələcəkdə layihələrin müddətinə uyun olaraq əmək müqavilələri başlanacaq. Əmək haqqının artırılması da gələcək üçün nəzərdə tutulub".

Elnarə Əlosmanqızı
AzNews.az