Sumqayıt yolunda təmir işlərinə başlanılacaq

29 Mart 2013 13:44 (UTC+04:00)
H.Z.Tağıyev qəsəbəsi-Sumqayıt avtomobil yolunun 7-ci kilometrində yerləşən körpüdə heç bir qəzalı vəziyyət yaranmayıb.

Bu barədə "APA-Economics"ə Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, körpüdə heç bir texniki qüsur yoxdur və hazırda nəqliyyat vasitələri bu körpü üzərindən hərəkət edir: "Döngədə inşa olunan körpü 4 zolaqdan ibarətdir, yəni zolağın ikisi bir istiqamətdə, digər ikisi isə əks istiqamətdədir. İki körpüdən ibarət olan bu yolun uzunluğu 42 metr, eni isə 15,6 metrdir və yolun ortasında 5 sm-lik təkər qaytaranlar tikilib. Sadəcə olaraq körpüdə təkər qaytaranlar dağıdılıb, bu da avtomobillərin yüksək sürətlə bu körpüdən keçmələri ilə əlaqədardır. Belə ki, burada maksimal sürət həddi 60 km/saat olduğu halda, nəqliyyat vasitələri körpünün üzərindən nəzərdə tutulmuş sürətdən artıq hərəkət edir və bunun nəticəsində iki körpünün arasında tikilən təkər qaytaranlar dağılıb".

P.Mürsəliyev onu da bildirib ki, artıq "Azəryolservis" ASC-nin rəsmiləri tərəfindən araşdırma aparılıb və sabahdan etibarən sözügedən təkər qaytaranlar yeni texnologiya əsasında bərpa olunacaq: "İşlərə sabahdan etibarən başlanılacaq və körpü üzərindən nəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. İşlər bir neçə gün ərzində başa çatdırılacaq".

AzNews.az