11 nəfərin cinayət işi üzrə istintaq yekunlaşdı

29 Mart 2013 15:25 (UTC+04:00)
Ötən il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında "Hicaba azadlıq!" tələbi ilə keçirilən aksiyada iştirakına görə tutulmuş və barəsində cinayət işi başlanmış 32 nəfərdən 11 nəfərinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

APA-nın məlumatına görə, cinayət işinin materialları baxılmaq üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Yaxın günlərdə cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.

Qeyd edək ki, 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında "Hicaba azadlıq" tələbi ilə keçirilən aksiyada iştirakına görə tutulmuş şəxslərin ümumi sayı 32 nəfər olub. Həmin şəxslərdən bir qrupunun işi bir müddət əvvəl məhkəməyə göndərilib. Hazırda onların məhkəmə prosesləri davam etdirilir.

Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunurlar.

AzNews.az