Bu təlimlər Paşinyanın münaqişənin həlli ilə bağlı əsl niyyətini ortaya qoyur - Ekspert

14 Sentyabr 2018 16:09 (UTC+04:00)

Belə ki, sentyabrın 12-də Ermənistan parlamenti özünün fövqəladə yığıncağında Azərbaycana rəsmən müharibə elan edilməsi barədə qərar verib. Bu qərar sentyabrın 11-də başlayan “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində çıxarılıb.

“Ermənistan hökumətinin sentyabrın 12-də “Müharibə elan edilməsinin dəstəklənməsi barədə” təklifini əsas götürərək, Ermənistan Konstitusiyasının 118-ci maddəsini rəhbər tutaraq və “Ermənistan Milli Məclisinin Nizamnaməsi”nin 105-ci bəndinə əsaslanaraq Ermənistan Milli Məclisi Azərbaycan Respublikasına müharibə elan etməyi qərara alır”-qərarda belə deyilir.
“Şant-2018” hərbi təlimləri çərçivəsində Ermənistanda hərbi vəziyyət elan edilib, bildirilir ki, bu ümumdövlət təlimləri “planlı xarakter daşıyır” və dövlətin müdafiəyə hazırlığını, səfərbərlik orqanlarının və hərbi idarəetmə strukturlarınn təcavüz zamanı səfərbərlik hazırlığını yoxlamaq, bütün dövlət strukturlarının yüksək hazırlıq vəziyyətinə gətirilməsi imkanlarını yoxlamaq üçündür.
“Şant” təlimləri Ermənistanda bundan əvvəl də keçirilirdi, amma bu təlimlər çərçivəsində parlamentin Azərbaycana müharibə elan etməsi barədə qərar çıxarması İrəvandakı indiki hakimiyyətin növbəti qızışdırıcı addımı sayılmalıdır.

Məsələyə xarici ekspertlərin də münasibəti birmənalı deyil. Hafta.az-ın məlumatına görə, rusiyalı politoloq Maksim Şevçenkonun qənaətincə, bu təlimlər Nikol Paşinyanın və onun komandasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsl niyyətini ortaya qoyur:

"Paşinyanın münaqişənin sylh yoluyla həlli danışıqlarına sadiq qalması ilə bağlı bəyanatları boş sözlərdən başqa bir şey deyil. Bu təlimlər onun nə istəyini daha real formada ortaya qoyur. Bu insanların heç biri sülh yoluyla həll prosesinə istiqamətlənməyib və onu həyata keçirtməyə hazırlaşmırlar"
Ekspertin sözlərinə görə, bu açıq təxribat münaqişə zonasında gərginliyin artması, hətta erməni hərbiçilərinin indi üzərində işlədiyi müharibənin başlamasına qədər gətirib çıxara bilər.

Qeyd edək ki, dünən məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi də münasibətini bildirib. XİN-in bəyanatında bildirilir ki, Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildən artıq davam edir. Ermənistanda keçirilən "Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır. Bu, həmçinin, Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir:

"Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv addımlar atdığı və digər qonşu dövlətlərlə birlikdə regionun çiçəklənməsinə xidmət edən hərtərəfli regional əməkdaşlıq layihələrinin müəllifi qismində çıxış etdiyi halda, Ermənistanın yeni hakimiyyəti Sarqisyan rejiminin hərbi diktatura siyasətini davam etdirərək, regionu yeni hərbi avantüralarla və təhlükələrlə üzbəüz qoyur.
Beynəlxalq ictimaiyyət sivil dünya ilə Ermənistan arasında ciddi uçurumun olmasının şahidi olur. Ermənistana qarşı təsirli beynəlxalq siyasi-diplomatik təzyiqlərin göstərilməməsi Ermənistanın cəzasızlıq hissini daha da artırır.
Bir daha bəyan edirik ki, danışıqlar prosesinin pozulmasına, vəziyyətin gərginləşdirilməsinə və "müharibə oyunları” kimi hərbi avantüralara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür".

AzNews.az