Cins nisbəti yenidən dəyişdi - Rayonda azalıb, şəhərdə artıb

19 Sentyabr 2018 15:12 (UTC+04:00)

Cins nisbətinin pozulmasına görə Çindən sonra ən yüksək göstəriciyə malik olan Azərbaycanın kənd yerlərində hər 100 yenidoğulan qıza düşən oğlanların sayı azalıb, şəhər yerlərində isə artıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bioloji normaya görə, hər 100 doğulan qıza 105-107 oğlan düşməli olsa da, 2011-2014-cü illərdə Azərbaycanda bu göstərici 116, 2015-2017-ci illərdə isə 114 olub.

Keçən il şəhər yerlərində hər 100 yeni doğulan qıza 113 (2016-cı ildə 112), kənd yerlərində isə 114 (2016-cı ildə 116) oğlan düşüb.

Son 27 il ərzində Azərbaycanda oğlan və qız nisbətinin bioloji normaya uyğun olan ən aşağı göstəricisi 1991-cı ildə müşahidə edilib. Həmin ildə şəhər yerlərində hər 100 doğulan qıza 107, kənd yerlərində 105, ümumilikdə ölkə üzrə isə 106 oğlan düşüb.

AzNews.az