İsrailin hərbi nümayəndə heyəti Moskvaya gəlib - Təyyarə insidenti ilə bağlı

20 Sentyabr 2018 17:30 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, nümayəndə heyətinin tərkibinə İsrail ordusunun beynəlxalq əlaqələr idarəsinin rəisi briqada generalı Erez Meyzel, həmçinin hərbi hava qüvvələrinin, kəşfiyyat xidmətinin və ordunun operativ idarə orqanının yüksək vəzifəli zabitləri daxildir.

İsrailin Hərbi Hava Qüvvələrinin komandanı və onu müşayiət edən nümayəndə heyəti hadisənin bütün aspektləri, o cümlədən ilkin informasiya və təhqiqatın əsas nəticələri barədə məruzə edəcək.

Xatırladaq ki, sentyabrın 17-də axşam saatlarında Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri Aralıq dənizi üzərində Rusiyanın “İl-20” kəşfiyyat təyyarəsini vurub. Hadisə nəticəsində 15 rus hərbçisi həlak olub. Rusiyanın Müdafiə Nazirliyi Suriyadakı hədəfləri bombalayan İsrailə məxsus qırıcı təyyarələrin “İl-20”-dən sipər kimi istifadə edərək onu zərbə qarşısında qoyduğunu bildirib.

AzNews.az