Bu gün daha bir cüdoçumuz tatami üzərinə çıxacaq - Dünya çempionatında

24 Sentyabr 2018 09:51 (UTC+04:00)

AzNews.az "Report"-a istinadən xəbər verir ki, kişilərin yarışında 90 kq çəkidə yer alan Məmmədəli Mehdiyev mübarizə aparacaq. Yarışa 1/32 final mərhələsindən başlayacaq 25 yaşlı idmançının ilk rəqibi belaruslu Viktor Klyavusevdir.

Bu gün qadınların yarışında 70 kq çəkiyə malik cüdoçular da qüvvəsini sınayacaq. Azərbaycan millisi bu çəki dərəcəsində təmsil olunmur. İlk görüşlər saat 10:00-da start götürəcək. Saat 16:00-da isə medal qarşılaşmaları olacaq.

Qeyd edək ki, geridə qalan 4 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov və Hidayət Heydərov (73 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb. Növbəti günlərdə İrina Kindzerska (+78 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizəyə qoşulacaqlar.

AzNews.az