“İmtina edibsə, lap yaxşı, həmin pul sahibsiz qalmayacaq”

2 Aprel 2013 10:11 (UTC+04:00)
AYB-nin Ədəbiyyat Müsabiqəsi Yusif Səmədoğlu adına nəsr mükafatının qalibi Etimad Başkeçid səsləndirdiyi bəyanatda mükafatdan imtina etdiyini açıqlayıb: "Bu cür kütləvi mükafatlandırma kimə və nəyə lazımdır? Bu, toyuqlara dən səpmək kimi bir şeydir. Odur ki, mən bunu kütləvi cəzalandırma kimi qəbul edirəm".

Müsabiqənin münsüflər heyətinin sədri Mövlüd Süleymanlı isə AzNews.az-a açıqlamasında E.Başkeçidin istefasından xəbərsiz olduğunu dedi: "Xəbərim yoxdur. Amma görünür, o, mükafat bir nəfərə verilməməsinə, yəni, bir necə yazarın arasında bölünməsinə etiraz olaraq bu addımı atıb. Amma bunun səbəbləri var, eyni səviyyədə yazılar çox idi, Ona görə də biz məcbur olub birinci nominasiyanı iki yerə böldük. Özü bilər. Hər halda biz qərar verdik ki, bir deyil, istedadlıların çoxunu sevindirək. İmtina edibsə, lap yaxşı..."

"E.Başkeçidin payına düşən pulun taleyi necə olacaq?" sualına isə M.Süleymanlının cavabı belə oldu: "Bu tək mənim səlahiyyətimdə olan məsələ deyil. Komissiya Yazıçılar Birliyi ilə bir araya gəlməlidir, müzakirə aparılmalıdır. Hər halda pul sahibsiz qalmayacaq. Yazıçılar Birliyi nə deyər, onu da edərik".

Xatırladaq ki, müsabiqənin sabiq sədri Kamal Abdulla başda olmaqla iştirakçıların əksəriyyəti Ədəbiyyat müsabiqəsindən istefa vermişdi.

Bahar Rüstəmli
AzNews.az