Deputatdan “dərman açıqlaması”

2 Aprel 2013 10:24 (UTC+04:00)
Azərbaycanda bitkilərə verilən dərmanların yoxlanılmasında ciddi problemlər var. Bu barədə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov Aznews.az-a açıqlamasında bildirib. Millət vəkili bununla bağlı əhalidən çoxlu şikayətlər aldığını da söyləyib:

"Əhali istifadə olunan dərmanların yoxlamalardan keçirilməməsi və istifadəsi nəticəsində ciddi ziyanla qarşılaşdıqlarını deyir. Mən də bu problemlə bağlı Nazirlər Kabinetinə müraciət etmişdim. Nəticədə Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun nümayəndələri mənimlə görüşdü. Artıq onlar da təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim ediblər".

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Хidməti, Respublika Nəzarət Toksikologiya laboratoriyasından isə bildiriblər ki, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində bu sahədə artıq bir sıra işlərə start verilib. Hazırda 2 yerdə - Şirvanda və Yevlaxda rayonlararası referent toksikologiya və karantin ekspertiza laboratoriyaları tikilir. Problemin həlli məqsədi ilə hazırlanan təklifdə belə laboratoriyaların başqa bölgələrdə də tikiləcəyi nəzərdə tutulub. Əlavə olaraq harada tikiləcəyi və bu istiqamətdə başqa hansı tədbirlərin görüləcəyi investisiya proqramının təsdiq olunmasından sonra müəyyənləşəcək.

Ruhiyyə
Aznews.az