İlham Əliyev baş direktoru qəbul edib

2 Aprel 2013 11:30 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev aprelin 2-də Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq və dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu əməkdaşlığın ölkələrin sərhəd xidmətləri arasında əlaqələrin inkişafına da müsbət təsir edəcəyinə əminliyini bildirib. Prezident ikitərəfli münasibətlərin inkişafında siyasi və iqtisadi əlaqələrlə yanaşı təhlükəsizlik məsələlərinin də mühüm əhəmiyyət daşıdığını qeyd edib. Hər bir ölkənin təhlükəsizliyinin təmin olunmasında sərhəd xidmətinin önəmini qeyd edən dövlət başçısı ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində, Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvat dost Azərbaycanın son illər əldə etdiyi yüksək nailiyyətlərə sevindiklərini vurğulayıb. Zumeyyim bin Cuveybir Əs-Səvvat ölkələrin sərhəd xidmətləri arasında əməkdaşlığın yaxın gələcəkdə inkişaf etdiriləcəyinə və bu sahədə qarşılıqlı əlaqələrin Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

AzNews.az