Azərbaycan peykinin platformasından türk kanalı yayımlanacaq

1 May 2013 08:53 (UTC+04:00)
Türkiyənin "TRT" teleradio kanalının yayımı Azərbaycan peyki Azerspace/Africasat-1a-nın platformasından həyata keçiriləcək. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, bununla əlaqədar olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazir Əli Abbasovla TRT-nin baş direktoru İbrahim Şahin arasında görüş baş tutub.

Şahinin sözlərinə görə, ilkin mərhələdə quruma məxsus 3-4 telekanalın yayımının təşkilinin "Azerspace-1" üzərinə keçirilməsi planlaşdırılıb. Hazırda teleradio şirkətinə 15 ədəd teleradio kanal məxsusdur.

Görüşdə, həmçinin genişzolaqlı internet xidmətlərinin yaratdığı geniş imkanlar, ciddi rəqabət mühitində radio-televiziya və internet televiziyaya maraq, eyni zamanda radio-TV yayım üzrə peşəkar kadr hazırlığı, bu sahədə təcrübə mübadiləsi, internet üzərindən aparılan təhsil və yeni fürsətlər ətrafında da müzakirələr aparılıb.

AzNews.az