““Nida”çıların işi üzrə istintaq işi aparılmır“

1 May 2013 14:15 (UTC+04:00)
"Nida" Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşad Həsənovun işindən apellyasiya şikayəti verilib.

Vəkil Əsabəli Mustafayev "Media forum" saytına deyib ki, Rəşad Həsənov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün Nəsimi Rayon Məhkəməsinə verilən vəsatət təmin olunmayıb: "Vəsatəti əsaslandırmağımıza və Rəşad Həsənovun həbsdə saxlanması üçün hüquqi əsas olmamasına baxmayaraq məhkəmə istintaq orqanının mövqeyini müdafiə etdi. Nəsimi Rayon Məhkəməsi gənc fəalın həbsini ev dustaqlığı ilə əvəzləmədi. Məhkəmənin qərarından apellyasiya şikayəti vermişik. Şikayətdə Nəsimi Rayon Məhkəməsinin qərarının ləğv olunmasını və həbsin ev dustaqlığına dəyişdirilməsini istəmişik".

Əsabəli Mustafayevin sözlərinə görə, hazırda "Nida"çıların işi üzrə hər hansı istintaq işi aparılmır. Vəkil deyib ki, Rəşad Həsənovun əsas problemi ailə üzvləri və yaxınları ilə görüşə icazə verilməməsidir: "Qanuna əsasən, təqsirləndirilən şəxs nəinki ailə üzvləri, o cümlədən onun maraqlarını müdafiə və təmin edə bilən istənilən adamla sərbəst formada görüşə bilər. İstintaq təcridxanasının rəhbərliyinin vəzifəsi bu görüşü təmin etməkdir. Amma qanuna əməl olunmur və görüş üçün müstəntiqdən razılıq alınmasını tələb edirlər. Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət edəndə deyir ki, müstəntiqdən razılıq alın. Müstəntiqə deyəndə isə müxtəlif bəhanələr gətirir, konkret cavab ala bilmirik".

Martın 14-də Nəsimi Rayon Məhkəməsi Rəşad Həsənov barəsində üç aylıq həbs qətimkan tədbiri seçib. Ona Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

AzNews.az