Azərbaycan məktəbliləri Daşkənddə qalib oldular-FOTOr

1 May 2013 15:45 (UTC+04:00)
Daşkənddə kimya fənni üzrə 47-ci Beynəlxalq Mendeleyev Olimpiadasının iştirakçısı olan 118 məktəblidən 71-i medala layiq görülüb. Bu medalların 3-nü isə azərbaycanlı məktəblilər qazanıb. Balaqardaş Bəşirov gümüş, Sona Quluzadə və Murad Rəhimov bürünc medalın sahibləri olublar.

Müsabiqənin nəticələrinə görə, Əhmədov Cavid və Tağıyeva Vəfa IV və V dərəcəli diplomlarla mükafatlandırılıblar.

47-ci Beynəlxalq Kimya Olimpiadasını sədri, Lomonosov adına Moskva Dövlət Universiteti, kimya fakültəsinin dekanı Valeri Lunin məktəblilərin böyük sınaqlardan keçərək, ali mükafat aldıqlarını bildirib. Qeyd edib ki, olimpiada 2 dəfə Bakıda keçirilib. Bu dəfə isə olimpiadaya Daşkənd ev sahibliyi edib.

Qeyd edək ki, iyulun 14-15-də isə Moskvada Ümumdünya Olimpiadası keçiriləcək. Bu olimpiadada 78 ölkədən məktəblilər iştirak edəcəklər.

Olimpiadanın münsiflər heyətinin sədri V.Lunin 2015-ci ildə dünya olimpiadasının Bakıda keçiriləcəyinə ümid etdiyini bildirib: "Bu olimpiada da azərbaycanlı uşaqlar fərqləndilər. Ümumiyyətlə uşaqların qazandıqları uğurlara görə onların müəllimlərinə və dövlətlərin rəhbərlərinə minnətdaram".

Azərbaycan komandasının rəhbəri İqrar Nəzərov 18 dövlətin içərisində Azərbaycan komandasının da yüksək yerlər qazanmasından qürur hissi keçirdiyini vurğulayıb: " Buna görə Moskva Dövlət Universitetinin Bakı filialının rəhbərliyinə minnətdaram. Bizim uşaqlar həmin bazada beynəlxalq səviyyəli yarışlara hazırlaşırlar. Keçən il 3 bürünc medal qazanmışdıq. Bu il isə 2 bürünc, 1 gümüş. Əminəm ki, gələcəkdə qızıl medallarımız da olacaq".

Vətənə bürünc və gümüş medallar aparan məktəblilərimizi Özbəkistandakı Azərbaycan səfirliyində səfir Hüseyn Quliyev qəbul edərək səfirlik adından qalib kimyaçılarımıza hədiyyələr təqdim edib.

Qeyd edək ki, kimyaçılar qazandıqları medallarla, hər hansı bir ali məktəbə imtahansız qəbul olmaq hüququ qazanıblar.

Maya
AzNews.az