“Cəzaların sərtləşdirilməsi yerində atılmış addımdır“

1 May 2013 18:10 (UTC+04:00)
"İcazəsiz aksiyalar, mitinqlər təşkil etdiyinə görə təşkilatçılar daha sərt cəzalandırılmalıdır. MDB-nin heç bir ölkəsində icazəsiz mitinq təşkil edənlər 15 gün həbs edilmir. Bu yalnız bizdə idi. Biz də bunu nəzərə alıb, cəzaları sərtləşdirməyi qərara aldıq".


Bu fikirləri Modern.az saytına açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rafael Cəbrayılov bildirib.

"Sərbəst toplaşmaq haqqında" qanuna etdiyi dəyişikliklə gündəmə gələn deputat bu dəfə də razılaşdırılmamış aksiyalara, toplantılara görə cəzaların daha da sərtləşdirilməsinin vacib olduğunu önə çəkib. Deputatın sözlərinə görə, cəzaların sərtləşdirilməsi yerində atılmış addımdır.

"Parlament sonuncu iclasında Baş prokuror Zakir Qaralovun qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etdiyi layihənin müzakirəsindən sonra onu qəbul etdi.

İnzibati Xətalar Məcəlləsində inzibati həbsin ən yüksək həddi 15 gün idi. 15 gündən artıq bizdə inzibati həbs yox idi. Amma MDB ölkələrində bunun analoqu yoxdur. Onlarda hardasa həbslər bir aydan artıqdır. Bizdə də inzibati həbsin müddəti 3 aya qədər artırlıdı. Qanunsuz toplantılarda yanlız təşkilatçılar üçün inzibati həbsin müddəti 15 gün idi. Biz məsləhət gördük ki, bunu artıraq, iki ay olsun. Çünki ən yüngül cəza bizdə idi. Bu, yalnız nümayişin təşkilatçısına şamil ediləcək"-deyə R.Cəbrayılov açıqlama verib.

Deputat sosial şəbəkələr vasitəsilə təşkil olunan toplantıların rəhbərinin müəyyənləşdirilməsində çətinliklərin olacağını deyib:

"Hər bir qanun qanunsuzluğun qarşısını almır. Onun ən çox rolu profilaktik xarakter daşıyır. Bizdə adam öldürmək qadağandır, ömürlük həbs cəzası var. Guya bizdə adam öldürmürlər?

Təbii ki, aksiyaların virtual məkandan təşkil olunması təşkilatların cəzalandırılmasında çətinliklər yaradacaq. Bu artıq istintaqın peşəkarlığınım üzərinə düşən məsələdir".

R.Cəbrayılovun fikrincə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər prezident tərəfindən öz təsdiqini tapandan sonra qüvvəyə minəcək.

"Hər bir qanunun qüvvvəyə minməsinin prosedur qaydaları var. Cənab prezident tərəfindən təsdiq ediləndən sonra bu icraya yönəlir. Qanun prezident tərəfindəm imzalanandan sonra tətbiq ediləcək".

AzNews.az