“Ramiz Mehdiyevin səfəri çox güman ki, prezidentin göstərişi ilə olub“

1 May 2013 19:21 (UTC+04:00)



İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri hüquqşünas-tədqiqatçı İlqar Altay Azərbaycan Respublikası Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin İran səfəri zamanı yayılan acıqlamalar barədə fikirlərini bildirib.

İlqar Altay indiki gərgin seçki ilində Ramiz Mehdiyevin Tehrana səfərini Azərbaycan dövləti üçün xüsusi vacib bir gediş olaraq qiymətləndirib:

"Ümumiyyətlə, dünyadakı kiçik ölkələr üçün prezident seçkisi ili gərgin il olur. Yəni, güclü hegemon ölkələrin xüsusi maraq təsiri, təzyiqi və hətta təhdidləri baxımından. Azərbaycan kimi uzun müddət qüvvələr arasında balans saxlamış, hamıdan eyni məsafədə durmuş, özünə indiyədək güclü himayədar tapmamış ölkə üçün belə gərginlik ikiqat artır. Bu il, 2008-ci ilə nisbətdə bizim ölkəyə maraqların və xüsusilə də hakimiyyətə təzyiqlərin daha güclü olması hiss olunur. Təxminən, 2003-cü çətin se,ki ilinə uy]un gəlir bu təzyiqlər. Hiss olunur ki, istər demokratik olsun, istər qeyri-demokratik, bütün güclü dövlətlər növbəti 5 illik dövr üçün Azərbaycandan mənfəət təminatı əldə etmək istəyirlər. Xalqın halal konstitusional mənfəəti, hec ikinci planda da deyil onlar üçün. Belə halda təbii ki, hər bir hakimiyyət çalışır ki, ona və ölkəyə qarşı bu kənar beynəlxalq güc təzyiqlərini dəf etsin. Bizim ölkənin bu problemlərindən birisi və ən zəhlətökəni isə təbii ki, qonşu İrandır. Çox güman ki, belə bir xüsusi çox vacib səbəbdən də Ramiz Mehdiyev kimi ağır adam, samballı bir vəzifənin sahibi gözlənilmədən Tehrana səfər edib. Bunun nəsə başqa səbəbi ola bilməz. Özü də bu səfər çox yəqin ki, dövlət başçısının istəyi, göstərişi ilə həyata keçirilib. Və təbii ki, Mehdiyev orada dövlətin adından İranın ali dövlət rəhbərləri ilə ciddi, həm də ictimaiyyətə açıqlanmayan məsələləri müzakirə edib. Yəni açıq görünür ki, heç də adminstrasiyalar, ictimai-siyasi qurumlar arası görüş səviyyəli olmayıb bu səfər. Səhv etmirəmsə, Adminstrasiyanin rəhbərinin müavini və aparatın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da iştirak edib gorüşlərdə".

İ. Altay Tehran görüşlərində R. Mehdiyevin adından mətbuatda səsləndirilən, onun guya Qərbi pisləmək və İrana yarınmaq yönlü bəyanatları barədə bunları bildirib: "Bütün dünya İranı xatakar bir dövlət, onun hakimiyyətini isə məsuliyyətsiz təxribatçı bir rejim kimi tanıyır. Adi diplomatlar, təhqiqatçılar, jurnalistlər belə, İrana səfərdə danışıq və hərəkətlərində ehtiyatlı davranırlar. Mən özüm də, İranda son illərdə 3 dəfə sıravi araşdırma səfərində olmuşam. Oradakı müddətdə bir saniyə belə rahat, sərbəst ola bilməmişəm ki, hansısa danışığımı, hərəkətimi şantaj vasitəsinə çevirməsinlər. İndi necə ola bilər ki, 20 ildə öz ölkəsində belə, artıq söz danışmayan, ümumiyyətlə "dinməz məmur" imici qazanmış rəhbər şəxs gedib, İran kimi, Azərbaycan üçün daim ləkə axtaran ölkədə belə bəyanat versin? Orada gedib Qərbi düşmən obrazında aşağılasın, İranı öz doğma ölkəsindən üstün saysın, Əhmədinejad kimi dünyada reytinqsiz bir xadimi qızıl kimi dəyərləndirsin. Bütün bu qarayaxmalar səfərin yekununda İran tərəfdən gözlənilən idi və baş verdi".

Tədqiqatçı İran tərəfinin Azərbaycana qarşı dəfələrlə bu cür təxribatlara yol verdiyini də xatırladıb: "İran rejiminin məlum səbəblərə görə bir nömrəli problemi müstəqil Azərbaycanın varlıgıdır. Hər zaman, hər vasitə ilə Azərbaycanı bir dövlət kimi, onun rəhbər şəxslərini, ictimai xadimlərini aşagilamağa meyllidirlər. Hələ mərhum prezident Heydər Əliyevin İrana səfərində İran prezidenti Xəzər dənizini, ölkəmizin oradakı neft ehtiyatı perspektivini "Mazandaran gölü" adı ilə aşagılamaq istədi və dərhal H. Əliyevdən cavabını aldı. Müdafiə naziri Səfər Əbiyevin səfəri zamanı bayrağımızı qərəzli tərsinə asdılar, buna ğörə də naziri sərt tənqid etdik. Bayrağımızı bu cür tərsinə asmaqdansa, onu heç ora qoymamaq daha yaxşıdı. Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da oraya səfəri zamanı heç xoş qarşılanmadı və görünürdü ki, çox qanı qara qayıtmışdı. Və ümumiyyətlə, həmin səfərlərdən sonra münasibətlər daha da kəskinləşdi. İnanmaq çətindir ki, R. Mehdiyevin səfəri iki ölkə arasında davamlı xoş münasibətə səbəb olsun. Bəlkə, seçki dəvründə müvəqqəti "atəşkəs" yarana. O da çətin, gördünüz ki, səfərdən dərhal sonra İran tərəfin informasiya təxribatı, ondan dərhal sonar, qadın alimimizin, ədəbiyyatçı müəlliməmizin qanunsuz həbsi gəldi. İndi, keçən dəfə gənc günahsız şairlərimizin həbsində olduğu kimi bütün ölkə ictimaiyyəti bu qadın alimin azadlıgı ilə bağlı gərginlik keçirə gərək".

İlqar Altay fürsət düşmüşkən, hakimiyyətə yönəlik iradlarını da bildirib: "Yaxşı olardı ki, bizdəki iqtidar oz ölkəsinin və həm də hakimiyyətinin möhkəmliyində birinci amil kimi öz xalqını görsün, daxili faktoru əsas tutsun. Ən vacib şərt budur mənim fikrimcə. Xalqla aradakı bərkiyib kirəcləşmiş səddi götürmək, bu səddi yaradan məmur təbəqəsini kənara atmaq. Vətəndaş cəmiyyəti ilə, QHT-lərlə başlanmış dialoqu davam etdirmək. Müstəqi ziyalılarla, həqiqi və potensiallı müxalifətlə sağlam münasibətlər qurmaq. Yəni tarixdə bütün iqtidarlara çətin gündə xalq arxa olub, kənar qüvvələr yox". //qafqazinfo//

AzNews.az