Bəşər Əsəd media qarşısında

2 May 2013 07:46 (UTC+04:00)


Paytaxt Dəməşqdə Üməyyəd Elektrik Stansiyasına baş çəkən B. Əsəd daha sonra mətbuat konfransında çıxışı zamanı ölkədə davam edən zorakılıqlara baxmayaraq, hakmiyyəti tərk etməyəcəyini bildirib.

"Biz həmişə olduğumuz kimiyik və belə də olmağa davam edəcəyik. Ölkəmizdə yaşanan bütün ağrı-acıya baxmayaraq, xalqla əl-ələ Suriyanın daha da parlaq gələcəyi üçün əmin addımlarla irəliləyəcəyik. Əsla mərmilərdən qorxmayacaq və daima irəliyə doğru gedəcəyik. Suriya hökuməti ona qarşı olan nifrətdən qətiyyən çəkinmir, çünki o, doğru yolda olduğundan əmindir. Allah isə həmişə doğru yolda olanların yanında olur", deyə B. Əsəd bildirib.

Bu arada, paytaxt Dəməşqin mərkəzi küçələrindən birində ardıcıl bir neçə partlayışın törədildiyi, nəticədə 1 nəfərin öldürüldüyü, azı 28 nəfərin isə xəsarət aldığı bildirilir. "Səna" xəbər agentliyinin verdiyi məlumata görə, öldürülən şəxs azyaşlı uşaq olub. Xəsarət alanlardan bəzilərinin vəziyyəti isə ağır kimi qiymətləndirilir.(anspress)

AzNews.az