İmam-cümənin siyasi hədəsi

2 May 2013 08:45 (UTC+04:00)



İrandan Azərbaycana yönəlik iradlar artıb. Ötən ilin ortalarında pik həddə çatan tənqidlər payıza doğru xeyli səngisə də, rəsmi Bakı yenidən bu ölkənin dini dairələrinin hədəfinə gəlib.

Ötən həftə əvvəlcə Ərdəbilin imam-cüməsi Ayətullah Seyid Həsən Amilinin, cümə günü isə Təbrizin imam-cüməsi Ayətullah Müctəhid Şəbüstərinin Azərbaycana ünvanlanmış sərt tənqidi çıxışı yayıldı. Ərdəbilin imam-cüməsi, vaxtaşırı Azərbaycanda baş verənlərə münasibət bildirən Seyid Həsən Amili Azərbaycanda müğənnilərinin açıq-saçıq geyimlərini tənqid etməsi ciddi etiraza səbəb olmadı. Çünki yerli şou biznesin vəziyyəti onsuz da Azərbaycanda çoxdan tənqid olunur.

Ancaq Təbrizin imam-cüməsinin Azərbaycana yönəlik çıxışı isə daha çox siyasi yüklü oldu. Məsələ ondadır ki, ayətullah Şəbüstəri ötən həftədəki cümə namazının xütbəsində Azərbaycan hökumətinin anti-İslam hərəkətlərinə işarə edib, ölkədə "Amerika və İsrailin göstərişlərinin" icra olunduğunu iddia edib. Şəbüstəri bildirib ki, "bu müsəlman ölkəsində məscidlər dağıdılır, dini mübəlliğlərin (din təbiğçilərinin - K.R.) ezamının qarşısı alınır".

Ali dini liderin Təbrizdəki təmsilçisi həmçinin bildirib ki, Azərbaycan beynəlxalq casus idarələrinin, əsasən də Mossadın fəaliyyət mərkəzinə çevrilib. Eyni zamanda "Eurovision" müsabiqəsinə toxunan imam-cümə "Azərbaycan ölkəsinin rəhbərləri müsəlman ölkələrinin bu müsabiqə barədəki nigarançılığını dərk edəcəklər" deyib. Daha sonra o, rəsmi Bakını anti-İslam hərəkətlərindən əl çəkməyə çağırıb, əks təqdirdə "bu vəziyyət davam etdiyi surətdə ölkəmizin başçılarından istəyəcəyik ki, Azərbaycanla münasibətlərinə yenidən baxsınlar".

Yuxarıda Seyid Həsən Amilinin çıxışını ona görə qeyd etdik ki, iki ruhaninin çıxışında ciddi fərq var. Belə ki, Təbrizin imam-cüməsi konkret siyasi tələblərlə çıxış edir. Yeri gəlmişkən, ötən həftə İranın hakimiyyətə yaxın "Tabnak" saytı bu ölkədə iyunda keçiriləcək seçkilər zamanı xarici qüvvələrin - ABŞ və İsrailin Bakı və Dubayda qurulacaq qərargahlar vasitəsi ilə təxribatlar həyata keçirəcəyi haqda xəbər yayıb.
Əlbəttə, müasir dünyada din-vicdan azadlığı mövzusu sərhəd tanımır və bu baxımdan qonşu və ya uzaq ölkədə bir nəfərin Azərbaycandakı vəziyyəti tənqid eləməsi bu mənada başadüşülən hesab oluna bilər. Üstəlik, nəzərə almaq lazımdır ki, şiə ruhaniyyəti tarix boyu bu kimi məsələlərə öz yanaşması ilə seçilib


Müctəhidlər bu kimi məsələlərdə dövlət sərhədlərini nəzərə almayıblar. Ancaq bir qayda olaraq o zaman ruhaniyyət siyasi və ya idarəçilik mövzuları ilə deyil, daha çox dini, sosial mövzulara daha çox diqqət ayırıblar, müsəlmanların bu mövzularda narahatlıqlarını dövlət başçıları qarşısında qaldırmaqdan çəkinməyiblər. Çox zaman isə din alimləri siyasi liderlərə öz güclərini göstəriblər.
Amma konkret olaraq Təbriz ruhanisinin çıxışı din azadlığından çox siyasi çalarlıdır. Həm İran saytının, həm də Şəbüstərinin çıxışını yan-yana qoyduqda aydın görünür ki, İranda seçkilərlə bağlı ciddi narahatlıq var və son çıxışlar da buna hesablanıb.

Qeyd edək ki, bu il İranda prezident seçkiləri, müşahidəçilərə görə, xeyli gərgin keçəcək. Artıq İran rəsmiləri indidən toqquşmalar və hətta qətllərin olması ilə bağlı xəbərdarlıq edirlər.

Belə görünür, seçki "yükünün" xarici ölkələrin üzərinə atılması planı var və burada Azərbaycana da "pay" düşəcək. Son illərdə Azərbaycan-İran münasibətlərinin xeyli dərəcədə gərgin olduğunu nəzərə alsaq, o zaman bu "payın" nə qədər böyük olacağını təsəvvürə gətirmək çətin olmaz.(musavat.com)

AzNews.az