İbrahimbəyov: “Eldar Namazov mənə dedi ki, bir qədər soyuqqanlı olum“

3 May 2013 18:47 (UTC+04:00)



Yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov mayın 3-də "Media forum" saytının suallarını cavablandırıb. Söhbət onun ideyası əsasında yaradılması nəzərdə tutulan Milli Şuradan gedib.

- EL hərəkatının sədri Eldar Namazov Rusiyada səfərdə olub, sizinlə görüşüb. Bu səfər sırf Milli Şura ilə bağlıydı?

- Eldar Namazovla Milli Şura məsələsini geniş müzakirə etdik. Müzakirələrimiz bir neçə saat çəkdi. Mənə dedi ki, bir qədər soyuqqanlı olum və bir həftə vaxt verməyimizi xahiş etdi. Eldar Namazov dedi ki, bir həftə ərzində müəyyən kompromisə gələcəklər və məsələ həll ediləcək. Mən bu işin uğurlu olacağına əminəm, buna heç bir şübhəm yoxdur. Lakin hələlik vəziyyət bir qədər qeyri-müəyyəndir. Milli Şurada təmsil olunacaq partiyaların liderləri müəyyən şərtlər irəli sürürlər. Ona görə də məsələ bir qədər ləngiyir.

Milli Şuranın tərkibi məsələsi həll olunmalıdır, indi əsas iş budur. Eldar Namazova bildirdim ki, yaxın bir həftə ərzində razılığa gəlməsələr, onda təşkilat komitəsi yaratmaq lazımdır. Ora partiya liderlərindən başqa ictimai-siyasi xadimləri, hüquq müdafiəçilərini, vətəndaş cəmiyyəti liderlərini də daxil etmək gərəkdir. Məsələləri açıq formada müzakirə etmək və nəticə əldə etmək üçün təşkilat komitəsi yaratmaq vacibdir. Mən üç-dörd gün gözləyəcəm, görək kompromisə gələ bilirlər, ya yox.

Məsələ ondadır ki, bizim Milli Şurada görmək istədiyimiz liderlərin heç biri ortaya konkret təklif qoymur. Onların Milli Şurada təmsil olunmaq üçün kimlərin namizədliyini irəli sürdükləri, orada kimləri görmək istədikləri məlum deyil. Mənim heç bir iddiam yoxdur, şuranın tərkibinə dair onlar qərar verməlidirlər.

- Bu halda Milli Şuranın yaradılması işində əsas problemi nədə görürsünüz?


- Milli Şurada təmsil olunmaq üçün hər partiya bir neçə namizəd təqdim etməlidir. Problem əsasən bununla bağlıdır. Bundan başqa, ölkədə demokratiya uğrunda mübarizə aparan digər partiyaları, hüquq müdafiə təşkilatlarını, demokratik institutları, tanınmış ictimai-siyasi xadimləri bir araya toplamaq lazımdır. Ardınca Milli Şuranın ilk iclasını keçirmək olar. İlk iclasda isə təşəbbüs qrupu yaratmaq lazımdır. Təşəbbüs qrupu üzvlərinin sayı müxtəlif ola bilər. Ora 25-30 nəfərin daxil olması mümkündür. Bundan sonra işi davam etdirmək, Milli Şuranın sədrini seçmək olar və beləliklə də iş davam etdirilər. Bütün bunları həyata keçirmək üçün partiyalar namizədlərini təklif etməlidirlər.

- Milli Şura neçə nəfərdən ibarət olacaq?


- Müxtəlif təkliflər var. Şura 40, 48, 51 nəfərdən ibarət ola bilər. Bunun elə bir fərqi yoxdur. Hesab edirəm ki, 51 nəfər olsa yaxşıdır. Əsas məsələ xalqın hörmət etdiyi, inandığı, sözünü eşitdiyi, ölkədə demokratiya, azadlıq, vətəndaş cəmiyyətinin qurulması yolunda xidmətləri olan mərd insanların Milli Şurada təmsil olunmasıdır. Əgər Milli Şuraya belə insanlar daxil olsa, onun fəaliyyətinin effekti və nəticəsi olacaq. Əks təqdirdə problemlə üzləşəcəyik. Bizim əsas məqsədimiz prezident seçkisinə qədər vəziyyətdə dəyişiklik etmək və seçkinin qismən də olsa beynəlxalq standartlara uyğun keçirilməsinə nail olmaqdır. Əks halda seçki yenə də saxtakarlıq şəraitində keçəcək və xalqın dəyişikliyə olan ümidi reallaşmayacaq.

- İlkin siyahı varmı?


- Hələlik siyahı yoxdur. Biz həmişə demişik ki, Milli Şurada hər partiyanın üç-dörd nümayəndəsi olmalıdır. Lakin o partiyalar nəzərdə tutulub ki, onlar həqiqətən də Azərbaycanda demokratiya uğrunda mübarizə aparırlar, demokratik proqramları var, kağız üzərində deyil, real şəkildə fəaliyyət göstərirlər, proseslərdə aparıcı qüvvə kimi çıxış edirlər. Milli Şuraya Xalq Cəbhəsi və Müsavat partiyaları, Lalə Şövkətin, Rəsul Quliyevin, Etibar Məmmədovun liderlik etdikləri partiyalar, REAL hərəkatı və digər xırda partiyalar da daxil ola bilər. Təxminən 15 nəfər tanınmış ictimai-siyasi xadim də Milli Şurada iştirak etməlidir. Onları mütləq dəvət etmək lazımdır.

- Rüstəm müəllim, ictimai-siyasi xadimlərdən konkret kimləri Milli Şuraya dəvət edirsiniz?


- Gültəkin Hacıbəyli, Arzu Abdullayeva, Leyla Yunus, Mehman Əliyev, Arif Əliyev, Zərdüşt Əlizadə və başqalarını Milli Şurada görmək istəyirik. Bir məsələni də qeyd edim ki, Ziyalılar Forumu ilə Milli Şuranı bir-birinə qatmaq olmaz. Ziyalılar Forumunun üzvləri şuranın yaradılması ideyasını dəstəkləyirlər. Amma birbaşa iştirakçı deyillər. Biz istəməzdik ki, şurada konkret iştirakımız olsun. Düzdür, mən artıq prosesin iştirakçısıyam, amma buna məcbur olmuşam. Gültəkin Hacıbəyli dəvəti qəbul etsə, çox yaxşı olar. Şurada görmək istədiyimiz insanların təklifi qəbul edib-etməməsi onların özündən asılıdır. Müxtəlif yanaşmalar var. Ola bilsin ki, Milli Şuranın tərkibi kiminsə xoşuna gəlməsin.

- Milli Şurada görmək istədiyiniz insanların bir qismi bir-birini bəyənmir, aralarında ziddiyyətlər var. Onları bir təşkilatda birləşdirmək mümkün olacaqmı?


- Mən onlara deyirəm ki, xalqımızın gələcəyi, demokratiya, azad seçki naminə bir təşkilatda birləşək və ölkəmizin problemlərini həll edək. Deyirəm ki, hələlik sizin şəxsi münasibətləriniz qalsın bir kənarda. Azərbaycanın əsas problemlərini həll etdikdən sonra kim kiminlə necə istəyirsə, o cür münasibət qursun.

Mən Milli Şurada görmək istədiyim insanların adlarını çəkəndə şəxsi istəyimi deyirəm. Amma onlar özləri bir araya gəlib qərar verməlidirlər. Bu, təşkilat işidir və istərdim ki, əsas partiyalar özləri bu məsələləri həll etsinlər. Düzdür, bunu istəyirlər, amma bir az uzun çəkir.

- Milli Şuranın yaradılması Müsavatdan və AXCP-dən asılıdır?


- Hər iki partiyanın liderləri dəfələrlə bəyan ediblər ki, Milli Şura ideyasını dəstəkləyirlər və onun işində məmnuniyyətlə iştirak edəcəklər. Amma bir neçə şərtləri var. İndi bunları həll etmək lazımdır. Müzakirələr gedir və inanıram ki, problemlər həll olunacaq. AXCP sədri Əli Kərimli çox gözəl bir bəyanat verib ki, hamı şəxsi iddialarını bir kənara qoymalıdır. Müsavat Partiyasının başqanı İsa Qəmbər də Milli Şura ideyasını dəstəkləyir. İndi biz konkret hərəkət gözləyirik.

Hesab edirəm ki, Milli Şuranın yaradılması tarixi zərurətdir və mütləq yaranacaq. Əgər Milli Şuranı tez bir zamanda elan etmək mümkün olmasa, onda təşkilat komitəsi yaradılacaq və partiyaların nümayəndələri orada təmsil olunacaq. Amma istənilən halda Milli Şura yaradılmalıdır. Hər kəsin iddiası ola bilər və bu normaldır. Amma birləşmək üçün bu iddiaları bir kənara qoymaq lazımdır. Orada pərdə arxasında hansı proseslərin getdiyini bilmirəm. Amma sözdə hamı Milli Şuranın yaradılmasına hazırdır və birləşməyə razıdır.

Bir həftə də gözləyəcəyik. Əgər razılıq əldə olunmasa, onda bir neçə nəfərə zəng edərək təşkilat komitəsinin yaradılmasını və Milli Şuranın formalaşdırılmasını xahiş edəcəm. Bunu Eldar Namazova da dedim. Təşkilat komitəsi Milli Şuranın formalaşdırılması ilə məşğul olacaq.

AzNews.az