Avropa Şurası İlqar Məmmədova görə narahatdır

3 May 2013 19:20 (UTC+04:00)
Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Avropa Şurasının Bakı Siyasi Araşdırmalar Məktəbinin direktoru İlqar Məmmədova qarşı yeni ittihamların irəli sürülməsindən narahat olduğunu bildirib və Azərbaycan hakimiyyətini beynəlxalq ictimaiyyətlə əməkdaşlığa çağırıb.

Baş katib APA-nın Avropa bürosuna açıqlamasında bildirib ki, İlqar Məmmədovun azad edilməsi istiqamətində çağırışlara baxmayaraq, Azərbaycan hakimiyyəti ona qarşı yeni ittihamlar irəli sürür: "Belə bir hadisənin 2014-cü ilin may ayında nəzərdə tutulmuş Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi fonunda baş verməsi xüsusilə məyusedici hiss və narahatlıq yaradır. Bu məsələ ilə bağlı fevral ayında keçirilmiş ilkin prosesə nəinki Avropa Şurasının Bakıdakı təmsilçisi buraxılmayıb, eləcə də bu yaxınlarda Avropa Şurasında təmsil olan bir qrup səfirin Azərbaycana etdikləri səfər zamanı, onların İlqar Məmmədovla görüşməsinə icazə verilməyib. Mən Azərbaycan hakimiyyətini təkidlə beynəlxalq ictimaiyyətlə dialoqa çağırıram".

AzNews.az