DİN Nərimanovdakı dava ilə bağlı açıqlama verdi

4 May 2013 10:43 (UTC+04:00)



Daxili İşlər Nazirliyi ötən axşam Nərimanov metrostansiyasının yaxınlığında polislərlə bir qrup vətəndaş arasında baş vermiş qrşıdurmaya aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, son vaxtlar Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələrinin yarıdan çoxu məhz piyadalarla bağlı olur. Bunun qarşısının alınması üçün isə Daxili İşlər Nazirliyi önləyici tədbirlər görür: "Bununla bağlı yol polisi aprel ayının 1-dən başlayaraq təhlükəsizlik aylığı keçirdi. Bu tədbirlərin həyata keçirilməsində məqsəd yol hərəkəti qaydalarının gücləndirilməsi, piyadaların keçidlərdən istifadə etməsini təmin etmək üçün tənbeh tədbirlərinin həyata keçirilməsidir. Bu işə təkcə yol polisi deyil, nazirin müvafiq əmri ilə digər polis xidmət əməkdaşları da səfərbər olunublar. Ümumilikdə isə aylığın elan olunub-olunmamasından asılı olmayaraq, bütün vaxtlrda piyadalarla bağlı təhlükəsizlik tədbirləri görülür. Dünən isə Nərimanov metrostansiyasının yaxınlığında yeraltı keçiddən keçməyən, öz həyatını təhlükə qarşısına qoyan vətəndaşlarla bağlı tədbrlər həyata keçirilib. Amma orada bəzi şəxslər aqressiv hərəkətlər nümayiş etdirib, ictimai yerdə hay-küy salaraq diqqəti özlərinə cəlb ediblər. Yolun qadağan olunmuş hissəsindən keçən Eminov Ülvi və Qocayev Seymur adlı vət`ndaşlar polis tərəfindən saxlanılarkən çox aqressiv reaksiya veriblər. Məlumatlar yayılıb ki, guya orada əsgər də olub, o döyülüb, bunlar yalandır. Orada əsgər döyülməyib. Həmin adıçəkilən şəxslər polisə tabe olmayıb, hətta barələrində tərtib olunmuş protokolu cırıblar. Polisin qanuni tələbinə qəsdən hörmətsizlik göstəriblər. Polis əməkdaşları isə onları idarəyə gətirib, inzibati protokol tərtib olunub və aidiyyəti üzrə məhkəməyə göndərilib. Onlar İnzibati Xətalar Məcəllsinin bir neçə maddəsini kobud surətdə pozublar.

Baş vermiş hadisə əvvəldən sona qədər kameralarda qeydə alınıb və şəxsən mən o hadisəni izləmişəm. Orada heç bir döyülmə, kütləvi dava olmayıb. İddia edirlər ki, guya polis mayoru içkili olub, vətəndaşları dəyənəklə döyüb, bunlar yalandır".

O. Mansurzadə onu da bildirib ki, Nərimanov rayonunun ərazisi piyadaların ən çox yol hərəkəti qaydalarını pozduğu ərazilərdən biridir: "Gün ərzində 120-130 pozuntu haqda protokol tərtib olunur".

AzNews.az