“Bu “AzNews.az” nə istəyir e, məndən?”

4 May 2013 12:18 (UTC+04:00)


Artıq üçüncü gündür ki, ölkə mətbuatını xalq artisti Aygün Kazımovanın Qarabağda döyüşüb-döyüşməməsi məsələsi zəbt edib.

Müğənninin Amerika səfərində "mən Qarabağda-Zəngilan və Qubadlıda vuruşmuşam" açıqlaması və bunun ardınca onun keçmiş döyüşçü Nurəddin Xoca ilə romantik duyğular altında rəqs etməsini əks etdirən videonun yayılması məsələ ətrafındakı disskusiyaları daha da intensivləşdirib.

Belə ki, AzNews.az-a verdiyi açıqlamada Qubadlı rayon, 4-cü batalyonun komandiri olmuş İslam Məmmədov israrla A.Kazımovanın cəbhədə döyüşmədini bildirdi. Amma mövzuyla bağlı saytımıza danışan keçmiş döyüşçü Nurəddin Xoca A.Kazımovanın həqiqətən cəbhə bölgəsində olduğunu və burada şəfqət bacısı kimi işlədiyini bildirib.

Bir-birinə zidd olan bu informasiyaları dəqiqləşdirmək məqsədilə müğənni Aygün Kazımovanın özüylə əlaqə yaratmaq qərarına gəldik. Aygün Kazımova AzNews.az-a açıqlamasında bildirdi ki, bu mövzuda danışmaq niyyətində deyil: "Bu "AzNews.az" nə istəyir e, məndən? Mən belə suallara cavab vermirəm. Mətbuat xidmətim var. Ona deyəcəm, gün ərzində sizinlə əlaqə saxlayacaq. O, sizə nə lazımdırsa, deyəcək".

Amma səbirsizliklə gözləsək də gün ərzində müğənninin mətbuat xidmətindən bizimlə əlaqə yaradan olmadı.

Bahar Rüstəmli
AzNews.az