İTV yeni əməkdaşı ilə bağlı bəyanat verdi: “Ermənilərlə qohum deyil“

6 May 2013 13:11 (UTC+04:00)
İctimai Teleradioya (İTV) yeni baş direktorun seçilməsindən çox az müddət keçəndən sonra bu telekanalda bəzi dəyişikliklər edildi. Belə ki, baş direktor Cəmil Quliyev Fuad Vəlixanovun AzTV-dən İTV-yə yeni proqram direktoru gətirdi.

Bu arada bəzi KİV-lər F.Vəlixanov barədə təsdiqlənməmiş xəbərlər yaydılar. Bu xəbərlərdə Fuad Vəlixanovun qızının Ermənistanda bir hərbçidə ərdə olduğu bildirilirdi.

İctimai Televiziya və Radio Yayım Şirkətinin İctimaiyyətlə əlaqələr departamenti bu xəbəri dezinformasiya adlandırıb. İTV-dən Modern.az-a verilən məlumata görə, böhtan və uydurmalarla dolu olan həmin məlumatda İTV-nin yeni proqram direktoru Fuad Vəlixanovun ailə üzvləri haqqında verilmiş məlumat əsl cəfəngiyyatdır və heç bir etik çərçivəyə sığmır.

"İTV adından bəyan edirik ki, əslən şuşalı olan Fuad Vəlixanovun ailəsində heç bir erməni əsilli şəxs və hərbçi yoxdur. Fuad Vəlixanovun Nigar və Nərmin adlı iki qızı var. Nigar Vəlixanova göz həkimidir, həyat yoldaşı Natiq İslam oğlu İslamov mühəndisdir. Nərmin Vəlixanova Slavyan Universitetini bitirib, AzTV-də çalışır, həyat yoldaşı Fərhad Pərviz oğlu İsmayılov iqtisadçıdır.

Xatırladırıq ki, "KİV haqqında" qanunvericiliyə görə, bütün mətbu orqanları, o cümlədən "Azadlıq" da istənilən məlumatı yaymaqdan əvvəl onu dəqiqləşdirməyə borcludur"-deyə İctimai Televiziya və Radio Yayım Şirkətinin İctimaiyyətlə əlaqələr departamenti bəyan edib.

AzNews.az