“Saxta sənədli futbolçular mütləq cəzalandırılacaq“

6 May 2013 13:26 (UTC+04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev rəhbərlik etdiyi qurumu aldadan futbolçular barədə sərt ölçü götürməyi tapşırıb.

Bunu Modern.az saytına AFFA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Mikayıl Nərmanoğlu da təsdiqləyib. O, deyib:

"AFFA saxta sənədli futbolçuları mütləq cəzalandıracaq. Onlar AFFA-nın bayrağı altında keçirilən oyunlarda iştirakdan mərhum olacaqlar".

Mikayıl Nərmanoğlu deyib ki, adları hələlik məxfi saxlanılan oyunçuların hamısı yerli futbolçulardır.

"Onlara qarşı AFFA tərəfindən müvafiq tədbirlər görüləcək".

Federasiya rəsmisi sözügedən oyunçuların çıxış etdiyi klubların adları və futbolçuların yaş qrupu haqda əlavə məlumat verməkdən imtina edib.

Xatırladaq ki, AFFA-nın rəsmi qeydiyyat bazasında futbolla məşğul olan şəxslərin, futbol məşqçilərinin və digər işçilərin qeydiyyatı aparılır. Bununla yanaşı, ötən müddət ərzində qeydiyyat şöbəsi tərəfindən müxtəlif turnirlərdə çıxış edən 69 saxta sənədli futbolçu müəyyənləşib. Onlardan 38 nəfəri sənədlərinin əslini təqdim etdiyi üçün hazırda müvafiq yaş qrupuna aid turnirlərdə çıxış edirlər. Digər 31 futbolçu isə sənədlərini təqdim etmədiklərinə görə yarışlardan kənarlaşdırılıblar.

Proses məxfi aparıldığı üçün saxta sənədlərlə çıxış etmiş futbolçuların adı açıqlanmır.

AzNews.az