Nemət Pənahlının işi Ali Məhkəməyə göndəriləcək

6 May 2013 14:45 (UTC+04:00)
Bakı Apellyasiya Məhkəməsi məhbus siyasətçi Nemət Pənahlının şikayəti üzrə prosesi təxirə salıb. Məlumatı "Media forum" saytına vəkil Elçin Əliyev verib.

Fevralın 25-də Xəzər Rayon Məhkəməsi 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Arif Mirzəyevin Nemət Pənahlı barədə təqdimatına baxıb. Təqdimatda Nemət Pənahlının daxili nizam-intizamı dəfələrlə pozduğu iddia olunub. Hakim Nemət Pənahlının həbsxana rejiminə köçürülməsinə qərar verib.

Aprelin 25-də Bakı Apellyasiya Məhkəməsində qərardan şikayət üzrə hazırlıq iclası keçirilib. Apellyasiya prosesinin məhkəmə araşdırması ilə aparılmasının mümkünlüyü məsələsi müzakirə olunub, hakim bildirib ki, məhkəmə istintaqına ehtiyac yoxdur.

Vəkilin sözlərinə görə, ilkin məhkəmə iclasının qərarından kassasiya şikayəti verildiyi üçün mayın 6-da məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb: "İş Ali Məhkəməyə göndəriləcək, kassasiya şikayətinə baxıldıqdan sonra apellyasiya prosesi davam edəcək".

Milli azadlıq hərəkatının öncül simalarından olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

AzNews.az