Havanın temperaturu normadan isti olacaq

6 May 2013 15:12 (UTC+04:00)


Azərbaycanda yay aylarına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, may, iyun və iyul aylarında Azərbaycanda havanın temperaturunun iqlim normasına yaxın və normadan bir qədər yüksək olacağı proqnozlaşdırılır. Yayın ayrı-ayrı günlərində anomal istilərin olacağı da istisna deyil.

Fəsillik proqnozlar Ümumdünya Meteorologiya Təşkilatının (WMO) 5 regional mərkəzində, eyni zamanda Şimali Avrasiya İqlim Mərkəzi (SEAKC) və Cənub-Şərqi Avropa Ölkələrinin İqlim Dəyişmələri Mərkəzində (SEEVCCC) hazırlanır və təşkilatın bütün üzv ölkələri üçün yayımlanır. Mövsümü proqnozlar çoxsaylı rəqəmli, dinamik və statistik modellər arasında seçilmiş daha uyğun modelin əsasında tərtib olunur.

ECMWF-Avropa ortamüddətli proqnozlar Mərkəzinin proqnozuna əsasən, Azərbaycan ərazisində yay aylarında havanın temperaturu normadan 0,5-1 dərəcə yuxarı, yağıntı isə normadan aşağı olacaq.

EUROSİP (ECMWF (Avropa ortamüddətli proqnozlar Mərkəzi, Meteo France (Fransa) və Meteo UK (Böyük Britaniya) Meteoroloji Mərkəzlərinin konsorsiumu - 3 modellərin birləşməsi) tərəfindən verilən proqnoza əsasən, Azərbaycan ərazisində yay aylarında havanın temperaturu normadan 60-70 faiz yuxarı olacaq.

İRİ- İnternational Research İnstitute –Beynəlxalq Elmi Tədqiqat İnstitutunun (ABŞ) proqnozlarında isə yağıntının norma daxilində, temperaturun isə normadan 50-60 faiz yuxarı olacağı qeyd olunur.

ECO-İran Meteorologiya Mərkəzi isə Azərbaycan ərazisində yay aylarında yağıntıların normaya yaxın, temperaturun isə norma daxilində və normadan bir qədər yüksək olacağını proqnozlaşdırır.

SEECOF-Cənubi-Şərqi Avropa və Cənub Qafqaz ölkələrinin Forumunun proqnozlarına görə, Azərbaycanda yay aylarında temperatur normaya yaxın, bəzi yerlərdə normadan bir qədər çox olacaq.

"Rushidromet"in verdiyi proqnoza əsasən, temperatur normadan bir qədər yüksək, yağıntı isə normadan aşağı olacaq.

AzNews.az