Milli Məclisdə Amnistiya Aktı qəbul olundu

7 May 2013 11:46 (UTC+04:00)
Milli Məclisdə amnistiya aktının müzakirəsi zamanı çıxış edən layihənin təşəbbüskarı, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva öncə H.Əliyev haqqında fikirlərini çatdırıb.

M.Əliyeva onu müdrik, güclü, cəsarətli, nəhəng intellektə və əyilməz iradəyə malik insan kimi xarakterizə edib: "Eyni zamanda o, çox mərhəmətli insan idi. Baxmayaraq ki, o, ömrünün müəyyən dövründə elə bu salonda oturan bəzi şəxslər tərəfindən ədalətsizlik, haqsızlıqla üzləşmişdi, vaxtilə irəli çəkdiyi insanlar ona qarşı çıxdılar. Ancaq o, 1993-cü ildə prezident seçilərək bu adamların əksəriyyətini bağışlayıb".

M. Əliyeva deyib ki, Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı belə bir qanunun qəbul edilməsi böyük rəmzi xarakter daşıyır: "İnanıram ki, bağışlamaqla, xoş niyyətlə, mərhəmətlə bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür".

Layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, I və II qrup əlillər, 60 yaşına çatan kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud I və ya II qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər.

Amnistiya Aktının həmçinin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara tətbiq edilməsi və bu kateqoriya şəxslərin cəzadan azad olunmaları təklif edilir. Layihəyə əsasən, Amnistiya Aktı təqribən 9 min şəxsə şamil oluna bilər. Bu akt əsasında 2 mindən artıq məhkumun azadlığa buraxılması gözlənilir.

Amnistiya Aktı 114 səslə qəbul edilib.



AzNews.az