Reklam sifarişçisi cərimə edildi

7 May 2013 18:50 (UTC+04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam yayımı sahəsində aparılan monitorinqlər zamanı "Blend-a-med" diş məcunu, "Oral-B" diş fırçası və "Always-Ultra" qadın bezlərinin reklamlarında istehlakçıların seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklamdan istifadə edildiyi müəyyən olunub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar həmin reklamların sifarişçisi olan "ENGİN LTD" MMC-yə qanunsuz reklamların yayımının dayandırılması barədə göstəriş verilib və reklamların mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin edilib.

Yol verilmiş qanun pozuntusu ilə əlaqədar "ENGİN LTD" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və müvafiq məlumatların təqdim edilməsi "ENGİN LTD" MMC-dən tələb edilib.

İşə baxılarkən müəssisə tərəfindən antiinhisar orqanına düzgün olmayan məlumatların təqdim edildiyi müəyyən edilib. İstehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklamdan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə, habelə antiinhisar orqanına düzgün olmayan məlumatlar təqdim etdiyinə görə "ENGİN LTD" MMC-yə 1 784 484 manat maliyyə sanksiyası tətbiq edilib.

AzNews.az