“Dağlıq Qarabağda heç vaxt yəhudi yaşamayıb“

8 May 2013 10:40 (UTC+04:00)
Dağlıq Qarabağ münaqişəsini yəhudi amili ilə başlayan ermənilər bunu xristian amili ilə davam etdirirlər.

Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.

Mərkəzin direktoru qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin dövründə yaranıb. O zaman Qərbdə ən dəbdə olan məsələ yəhudi mövzusu olub. Yəhudi mövzusu üzrə SSRİ-yə kifayət qədər təzyiqlər edilir.

"Yəhudilərin incidilməsi" mövzusu ortalığa çıxan kimi hamı dərhal bütün diqqətini ora yönəldir. Ermənilər, xüsusilə ABŞ-dakı ermənilər bunu çox gözəl bilirdilər. Ona görə ABŞ Konqresində 1989-cu ildə qəbul edilən qətnamədə yəhudilərə qarşı zorakılıq məsələsi əsas mövzu kimi göstərilir.

Politoloqun sözlərinə görə, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsinə iki dəfə münasibət bildirib və hər iki qətnamədə birmənalı şəkildə ermənilərin mövqeyini dəstəkləyib. Lakin 1989-cü ilin 14 iyul qətnaməsi ilə 19 noyabr qətnaməsi arasındakı əsas fərq "yəhudilərə zorakılıq" terminindədir. 14 iyul qətnaməsində bu termin işlənmədiyi üçün ABŞ-dakı erməni lobbisi noyabrın 19-da həmin qətnaməni yenidən qəbul etdirdi, bu dəfə artıq "yəhudilərə qarşı zorakılıq" termini qətnamədə göstərilib: "Nəzərə alaraq ki, ermənilərə, yəhudilərə və digər etnik qruplara qarşı mütəşəkkil zorakılıq aktları, Dağlıq Qarabağ, Ermənistan və Gürcüstanın blokada halları kimi digər çoxsaylı faktorlarla Təşkilat Komitəsinin missiyasının effektsizliyi sübut olunub..

[...Konqres aşağıdakı addımları atmalıdır...]" (Mənbə: ABŞ Konqresinin kitabxanası. http://thomas.loc.gov/cgi-bin/query/z?c101:S.J.RES.178:)

"Başqa sözlə, guya Dağlıq Qarabağda yəhudilər yaşayır və Azərbaycan ermənilərə və yəhudilərə qarşı zorakılıq tətbiq edir. Dağlıq Qarabağda heç vaxt yəhudi yaşamayıb. İndi bu sirr deyil. Erməni təbliğatı əvvəlcədən yalan, böhtan və beynəlxalq ictimaiyyətə hörmətsizlik üzərində qurulduğuna görə Dağlıq Qarabağda mövcud olmayan yəhudi faktorundan istifadə etdi", politiloq qeyd edib.

Əhmədoğlunun sözlərinə görə, 2005-ci ilədək ermənilər Dağlıq Qarabağ məsələsində yəhudi faktorundan geninə-boluna istifadə ediblər. ABŞ-dakı erməni lobbi təşkilatlarının Konqreslə əlaqələndiricisi yəhudilər idi, yəhudi mənşəli konqresmenlərin arvadları, uşaqları Dağlıq Qarabağa səfər edirdilər. Ağ evin və Konqres aparatının əksəriyyəti yəhudilərdən ibarət olan əməkdaşları ən azı üç dəfə Dağlıq Qarabağa səfər etdilər.

Azərbaycan tərəfinin səyləri nəticəsində yəhudi lobbisi Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə məlumatlandıqca, ermənilər yəhudi faktorundan istifadəni məhdudlaşdırdılar. 2007-ci ildə ABŞ-a səfəri zamanı o zamankı baş nazir, indiki prezident Serj Sarqsyan ABŞ-dakı erməni diasporu ilə görüşdə "Ermənistanı ən şərqdə, müsəlman dövlətlərinin əhatəsində olan yeganə xristian dövləti" adlandırıb. Bu tezisdə ən azı xristian Gürcüstanının nəzərə alınmaması Sarqsyanın həqiqətə münasibətinin göstəricisidir. Hətta həmin tədbirdə Ermənistanın ABŞ-da həm o zamankı, həm də indiki səfiri T.Marqaryan Sarqsyanı dümsüklədi ki, bu mövzuda çox danışmasın. Çünki Ermənistanın İran və bəzi ərəb dövlətləri kimi müsəlman ölkələrində böyük dayaqları var. Az sonra Sarqsyan Ermənistanın xristianlığı ilk qəbul edən dövlət olması tezisini gündəliyə gətirib.

Mərkəzin direktoru əlavə edib: "Hər halda ümid edək ki, beynəlxalq ictimaiyyət, xüsusilə avropalılar ermənilərin xrisitanlıqla bağlı dediklərinin də yalan olduğunu yaxın vaxtlarda başa düşəcəklər. Osmanlı imperiyasının idarəçiliyində 11 nazir erməni mənşəli olub. İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsi yaranandan bəri Ermənistana yardım edib. Avropalılar erməniləri nə qədər tez tanısalar, onlar üçün bir o qədər faydalıdır".

AzNews.az