“Azərbaycan haqda bəyanatları obyektiv saymaq olmaz“

8 May 2013 14:48 (UTC+04:00)
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın ünvanına sərt ittihamlar səsləndirib.

Səməd Seyidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Avropa Şurasında qeyri-obyektiv mövqe tutan, məsələləri araşdırmamış, mahiyyətinə varmamış ard-arda bəyanatlar verən qüvvələr var:

"Bunlar qeyr-adi hal deyil və bizi təəccübləndirməməlidir. Təəssüflər olsun ki, Avropa Şurasında dəyərlərin deqradasiyaya uğraması, dəyərlərin lazım olduğu kimi deyil, əks formada istifadə edilməsinin şahidi oluruq. Ona görə də belə bəyanatlar olur. Məsələni araşdırarlar, baxarlar, nə baş verdiyini öyrənərlər. Bundan sonra bəyanat verərlər. Mən ona məsləhət görərdim ki, Ermənistanda keçirilən prezident seçkisi, prezidentliyə namizədin küllələnməsi haqda bir bəyanat versin. Təsəvvür edin ki, Ermənistanda prezidentliyə namizəd güllələnir. Amma bir bəyanat belə verilmir. Bunu təsəvvür etmək mümkün deyil, amma reallıqdır.

Azərbaycana ikili standartla yanaşılır, bir hadisə baş verən kimi dərhal buna reaksiya verilir. Ölkə üçün ən vacib hadisə prezident seçkisidir. Ermənistan Avropa Şurasının Nazirlər Komitəsinin sədri olacaq, növbə onlardadır. Avropa Şurası Nazirlər Komitəsinin sədri olacaq ölkədə prezidentliyə namizədi güllələyirlər. Amma Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland bir dəfə də bəyanat vermir. Belə şey olar? Ona görə də Azərbaycan haqda bəyanatları obyektiv saymaq olmaz".

S.Seyidov hesab edir ki, bir müstəqil və suveren Azərbaycan dövlətinin ərazisini işğal edən Ermənistan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməməlidir? Buna yol verilməməlidir. Bu necə olur?".

Qeyd edək ki, Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland son zamanlar Azərbaycan haqda bir necə tənqidi bəyanat verib. Baş katibin sonuncu bəyanatı REAL hərəkatının sədri İlqar Məmmədova qarşı yeni ittihamın irəli sürülməsi haqda olub.

AzNews.az