Zabitlər üçün yeni bina istifadəyə verildi

8 May 2013 14:56 (UTC+04:00)
Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində - mayın 8-də DİN Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən hərbi hissəsinin ərazisində zabitlər üçün yeni tikilmiş xidməti yaşayış binasının istifadəyə verilməsinə həsr edilmiş təntənəli mərasim keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, tikintisinə ötən ilin aprelində başlanmış 60 mənzilli 6 mərtəbəli yaşayış binasının ümumi sahəsi 6100 kvadratmetrdir. Binada mərkəzi qazanxana, havalandırma sistemləri quraşdırılmış, rabitə-kommunikasiya, elektrik xətləri çəkilmiş, su hovuzu, digər yardımçı sahələr yaradılıb. Ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilmişdir. Bir sözlə, bina bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə tam təchiz olunub.

Yeni mənzil alanlar adından çıxış edənlər yaşayış binasının istifadəyə verilməsini Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən Daxili Qoşunlara diqqət və qayğısının nəticəsi kimi qiymətləndirib, hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Təntənəli mərasimdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov və nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov iştirak edib.

AzNews.az