Mərkəzi Neftçilər xəstəxanasının həkimləri Şirvanda ilkə imza atdılar - FOTO

9 May 2013 12:55 (UTC+04:00)
Şirvan diaqnostika mərkəzində ilk dəfə canlıdan canlıya böyrək transplantasiyası əməliyyatı həyata keçirilib.


Bu barədə APA-nın Mil-Muğan bürosu Şirvan şəhər Diaqnostika mərkəzində aparılan əməliyyat prosesindən məlumat verib. Bu gün Şirvan Diaqnostika mərkəzində Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Mərkəzi Neftçilər xəstəxanasının həkim briqadası tərəfindən Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xeyriyyə aksiyası çərçivəsində iki pasiyent üzərində böyrək transplantasiyası əməliyyatı həyata keçirilib.

Bakı şəhəri və Xaçmaz rayon sakinləri olan yenicə ana olmuş gənc xanımın donoru anası və Qarabağ müharibəsi əlilinin donoru isə xalası oğlu olmaqla canlıdan-canlıya böyrək köçürməsi əməliyyatı həyata keçirilib. Hər iki əməliyyat uğurla sona çatıb. Hal-hazırda xəstələrin və donorların vəziyyəti keçirilmiş əməliyyata uyğundur. Transplantasiya əməliyyatlarını Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkimləri-şöbə müdiri Mircəlal Kazimi və həkim Eldar Əhmədov həyata keçiriblər. Qeyd edək ki, adı çəkilən xəstəxananın həkim briqadası xeyriyyə aksiyası çərçivəsində 21-22-ci böyrək köçürmə əməliyyatını həyata keçirirlər. Ümumilikdə isə 50-dən çox belə əməliyyat həyata keçirilib. Bölgələrdə yaradılan Diaqnostika mərkəzləri bu cür çətin əməliyyatların keçirilməsi üçün müasir tibbi avadanlıqlarla təchiz olunub.

AzNews.az