Qənimət Zahid Milli Şuranın gizlinlərini açıqladı – Müsahibə

10 May 2013 12:53 (UTC+04:00)

AzNews.az-ın müsahibi "Azadlıq" qəzetinin baş redaktoru və Türkiyənin Medya TV kanalında yayımlanan "Azərbaycan saatı" proqramının yaradıcısı Qənimət Zahiddir.


- Milli Şuranın təşəbbüskarları müsahibələrində qurumun bu günlərdə elan olunacağını bildirirlər. Siz necə düşünürsünüz, müxalifət liderləri bu ay içində ortaq məxrəcə gələ biləcəkmi? Ümumiyyətlə, siz bu proseslərin nə qədər içərəsindəsiniz?

- Məncə, razılığa gəlməmək üçün nəinki heç bir əsas yoxdur, hətta prosesi yubatmağın özü belə zərərlidir. Üstəlik, mən Milli Şuranın təşkilini yalnız müxalifət liderlərinin inhisarında olan bir məsələ saymıram. Hesab edirəm ki, ictimai sektor bu prosesi ciddi nəzarət altında saxlamalı və orada baş verənlərə müdaxilə etməlidir. Mən bu proses barədə onun bütün mərhələləri üzrə məlumatlıyam.

- Prosesdən məlumatlı olduğunuzu deyirsiniz. Rüstəm İbrahimbəyov müsahibəsində demişdi ki, müxalifət liderləri Milli Şuranın təsis edilməsində bir sıra şərtlər irəli sürürlər. Bu şərtlər nələrdən ibarətdir və tərəflərin bir-birilə şərtlərlə danışması Milli Şuranın yaranmasına mane olmayacaq ki?

- Bu şərtlərin nədən ibarət olduğu barədə təqribi məlumatım var. Əslində, bunları şərt adlandırmaq da düzgün deyil, çünki onlar iş prosesinin müəyyənləşdirilməsi üçün zəruri elementlərdir. Məsələn, şərtlərdən biri belə olub ki, Milli Şuranın tərkibinə daxil olan partiyaların hər biri üçün Şuranın fəaliyyəti ilə bağlı bütün detallar şəffaf olmalıdır. Bildiyim budur ki, bu prosesə qoşulan partiya və ictimai təşkilatların arasında mümkün hesab edilən səmimiyyət artıq mövcuddur. Bu, prosesin əhəmiyyətli faizidir. Rüstəm bəyin dediyi şərtlərin müzakirə edilib, başa çatdığını güman edirəm. Bu da Şuranın yaradılmasını əngəlləmədi, əksinə onu sürətləndirdi. Orada başqa punktlar da olub ki, bu, ayrı-ayrı adamların fəaliyyəti ilə bağlıdır, amma bunlar ümumi xarakterli məsələ deyil və həmin şəxslərin yalnız özlərinə aiddir və buna görə də açıqlamaq istəməzdim.

- "Yeni Müsavat" qəzetinin baş redaktoru və İP KŞ-nin üzvü Rauf Arifoğlu bizə müsahibəsində deyib ki, müxalifətin bir araya gələcəyinə inanmır. Siz necə düşünürsünüz, Milli Şura ətrafında müxalifətin ümumi birliyinə nail olmaq mümkün olacaqmı, yoxsa müxalifətin geniş birliyinin yaranacağına siz də inanmırsınız?

- Mən bir qədər fərqli düşünürəm. Daha doğrusu, pozitiv dəyərləndirirəm. Sadəcə olaraq, həm müxalifət anlayışı üzrə hansı mərkəzlərin üst-üstə düşə biləcəyi də mübahisəli məsələdir, həm də ən geniş birlik deyərkən nəyin qəsd edildiyi. Düşünürəm ki, cəmiyyətə müsbət impuls verə biləcək böyük siyasi-ictimai güc mərkəzini yaratmaq mümkündür. Biz yalnız partiyaların yaratdığı mexaniki birlikdən bəhs etməməliyik. Bu birliyin doğuracağı ictimai entuziazmı hesablamalıyıq.

- İbrahimbəyovun Rusiya vətəndaşı olduğu və Azərbaycanda Milli Şura formatında qurum yaratmasının və ya prezidentliyə namizəd ola bilməsinin antikonstitusion olduğu deyilir. Daha doğrusu, bunu da Rauf Arifoğlu demişdi. Bu məsələ ilə bağlı siz necə düşünürsünüz, Milli Şuranın təsis edilməsində antikonstitusion çalarlar varmı?

- Mən Rüstəm İbrahimbəyovun Azərbaycan vətəndaşı olduğunu bilirəm. Məncə, onun Rusiya vətəndaşı olması barədə məlumat doğru deyil. Onun özü də bu barədə açıqlama verdi. Rüstəm İbrahimbəyov bir qədər əvvəlki nəslin bütün nümayəndələri kimi Sovet vətəndaşı, ondan sonra isə Azərbaycan vətəndaşı olub.

- Siz uzun müddətdir ölkədən kənardasınız. Yəqin ki, Qərb diplomatları ilə görüşləriniz olur. Qərbin builki seçkiyə, Azərbaycan müxalifətinə münasibəti necədir? Müxalifətə münasibət sizi qane edirmi?

- Qərb diplomatlarının Azərbaycandakı proseslərə münasibəti məni zərrə qədər də maraqlandırmır. Ən mühüm faktor Azərbaycan cəmiyyətinin münasibətidir. Qərb cəmiyyəti, diplomatları, siyasətçiləri,… Azərbaycandakı rejimə ikrahla baxırlar. Eləcə də, Şimali Koreyadakı, İrandakı, Rusiyadakı, yəni azadlıqların olmadığı və qanunların işləmədiyi bütün ölkələr ürəkbulandırıcı imic sahibləridir. Amma Qərb heç bir ölkədə inqilab-filan hazırlayan deyil. Cəmiyyət özünə hörmət edəndə ona kənardakılar da hörmətlə yanaşırlar.

- Qənimət bəy, Avropada gündə 24 saat yayımlanacaq televiziya açmaq barədə planınızın olduğu, hətta yayın sonuna qədər bu işi yekunlaşdıracağınız barədə məlumatlar var. Bu kanal hansı ölkədə fəaliyyət göstərəcək? Həmin ölkənin hökuməti və ya digər müvafiq qurumlarının razılığını almısınızmı?

- Bəli, müstəqil kanal qurmaq planım var və bu proyektin üzərində ciddi işləyirəm. Bəri başdan deyirəm ki, heç bir xarici fonddan bir qəpik də yardım, qrant-mrant almıram. Azərbaycan insanlarının təmənnasız yardımları ilə başa gətirməyə çalışıram. TV-nin hansı ölkədə yerləşməsinin elə bir önəmi yoxdur və heç bir qanuni əngəllər də yoxdur. TV çox bahalı işdir, amma mən ən bahalı proyekti ən ucuz variantlarla başa gətirməyə öyrəşmişəm. Məsələn, qiyməti 5 min dollara qədər olan elə studiya avadanlığı var ki, biz onu 30-40 dollara yaradırıq. Hər hansı ölkənin razılığını almağa da ehtiyac yoxdur. Məşhur bir prinsip var: "qanunla qadağan olunmayan hər şeyə icazə verilir".

- Siz Avropada televiziya açmaq barədə planlardan danışırsınız, baş redaktoru olduğunuz "Azadlıq" qəzeti isə borclardan gileylənir, hətta qəzetin bağlana biləcəyi ehtimalı belə səsləndirilir. "Azadlıq"ın fəaliyyətini dayandırması ehtimalı nə qədər ciddidir?

- Əlbəttə, "Azadlıq" Azərbaycan cəmiyyətinin ən mühüm layihələrindən biridir. Əlbəttə, mən bu qəzet üçün yaradılan bütün çətinlikləri ağrı ilə yaşayıram. Amma hesab edirəm ki, həmişə müdafiə olunmaq o qədər də uğurlu vərdiş deyil. Bir az da irəli getmək haqqında düşünmək lazımdır. "Azadlıq" qəzeti yaşayacaq. Azərbaycan cəmiyyəti onun qapanmasına imkan verməz və onu qapadanlar Azərbaycan tarixinə çox kəsif ifadələrlə düşər. Amma bir mühüm detal da var. "Azərbaycan Saatı" indi ölkədəki bütün qəzetlərin toplam tirajından artıq tiraja malikdir. Bizim cəmiyyətin informasiya şəffaflığına hədsiz ehtiyacı var və oturub gözləsək ki, hansısa xarici fond bizə TV kimi bahalı layihə üçün böyük pullar verəcək və biz onu yaradacağıq, bu, cəmiyyətin ehtiyaclarına sayğısız münasibət olardı.

- Qənimət bəy, mart ayında iki güc naziri – Ramil Usubov və Kəmaləddin Heydərov sizi xüsusi ittiham qaydasında məhkəməyə verdi. Ardınca isə siz dərhal geri çəkilərək, hər iki nazirdən üzr istədiniz. "Azadlıq" qəzetinin tez-tez bu cür təkzib və üzr xarakterli məlumatlar yayması sizcə qəzetin nüfuzuna zərbə deyilmi?

- Bu olay zamanı "Azadlıq"ın kollektivi məni qorumaq üçün lazım olduğundan bir qədər artıq fədakarlıq etdi. Mən, o zaman kollektivə bildirdim ki, qəzetin adından üzr istəmək lazım deyildi. Zatən, mən özüm məhkəməyə gəlməyə hazırlaşırdım. Amma kollektiv də hesab etmişdi ki, oraya gəlsəm, yəqin nazirlərin iddiasına əsasən məni həbs edəcəklər. Mənim həbsdən qorxmaq və ya qorxmamaq kimi bir lüksüm yoxdur, bu barədə, ümumiyyətlə düşünmürəm ki, həbs edilmək yaxşı şeydir, ya pis. Amma bəzən yerinə düşmür. Çünki əlində bir sürü iş olduğu halda səni götürüb həbsxanaya atırlar və bu işləri kimin görəcəyi, ümumiyyətlə onların görülüb-görülməyəcəyi şübhə altında qalır. Məsələn, razılaşın ki, Azərbaycan auditoriyasına hesablanmış belə bir TV proqramını bizim qurduğumuz şərtlər daxilində heç kim qurmazdı. "Azadlıq"ın nüfuzuna zərbə gələcəyindən o qədər də narahat deyiləm. Bizim bəlli kəmiyyət və keyfiyyət göstəriciləri olan oxucu zümrəmiz var. Bu zümrə bizi anlayır və hər zaman dəyərləndirir. Oxucular birmənalı olaraq bilir ki, biz hansısa gizli sövdələşmələrə getmirik. Daha pis olan nədir? Hakimiyyətlə gizli sövdələşmələrə gedib, qəzetin simasını dəyişmək və ya onu simasızlaşdırmaqmı, yoxsa, hər hansı tematik müstəvidə belə güzəştə getmədən, prinsipial mövqelərini və qəzetin özünü qorumaqmı?!

- Sizin "Azərbaycan saatı" üçün maddi vəsait toplandığınız zamanda Emin Millinin təşəbbüsü ilə yaradılan Meydan TV-də belə bir yardım istədi. Meydan TV-nin yaradılması sizin maddi problemlərinizin daha da artmasına və ya yeni TV kanalın yaradılması prosesinin ləngiməsinə səbəb olmadı ki?

- Hesab edirəm ki, Emin Millinin təşəbbüsü azdır. Başqa, çoxlu sayda təşəbbüslər olmalıdır. Azərbaycanlılar 21-ci əsrdə efir məkanının monopoliyaya alınması, işğal edilməsi faktı ilə razılaşmamalıdırlar. Meydan TV layihəsi bütün parametrləri üzrə bizim xeyrimizədir.

- Seçkiyə cəmi 5 ay qalsa da, AXCP sədri Əli Kərimli hələ də namizəd olub-olmayacağını açıqlamayıb. İddialar var ki, Əli bəy namizədliyinin fərdi şəkildə yox, hər hansı bir qurum tərəfindən – misalçün, Milli Şura tərəfindən irəli sürülməsini gözləyir. Sizin buna münasibətiniz necədir? Ümumiyyətlə, AXCP-nin hələ də seçkidə iştirakla bağlı mövqeyini açıqlamamağını necə qiymətləndirirsiniz?

- Məncə, Əli Kərimlinin mövqeyi doğrudur. Hansısa partiya təkbaşına heç bir uğurlu nəticə yarada bilməz, yalnız seçkidən sonrakı ictimai pessimizmin dərinləşməsinə xidmət edə bilər. Buna görə də Əli Kərimli hər bir siyasi lideri iddialarından geri durub, müxalifətin ən geniş birliyi ilə məsləhətləşməyə və razılaşmağa çağırıb. Əgər cəmiyyət ədalətli seçkiyə nail ola bilməyəcəksə, seçki həmişəki kimi saxtalaşdırılacaqsa və buna qarşı dirəniş potensialı təmin edilməyəcəksə, o zaman kimin uduzmasının nə əhəmiyyəti var ki...

- Bir ildən çoxdur Azərbaycana gəlmirsiniz. Ölkəyə qayıtmaqla bağlı planlarınız nədir? Bu il ərzində Azərbaycana qayıdacaqsınızmı? Qayıdacaqsınızsa, nə vaxt? Misalçün, seçkidə səsinizi harda verəcəksiniz? Sizə də rəsmi şəkildə mühacirət almısınızmı?

- Mən heç bir ölkədə heç bir quruma mühacir statusu üçün müraciət etməmişəm. Rüstəm İbrahimbəyovu da, məni də tam hüquqlu Azərbaycan vətəndaşı saya bilərsiniz. Azərbaycana nə vaxt istəsəm, o vaxt da gələrəm. Seçki vaxtı isə hansı ölkədə olsam, o ölkədə də gedib səs verəcəyəm.

Anar Gəraylı
AzNews.az