“Ömürlük məhbuslar aclıq aksiyası keçirməyiblər“

10 May 2013 14:29 (UTC+04:00)
Penitensiar Xidmətin rəisi general-leytenant Mədət Quliyev Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbusların aclıq aksiyası keçirməsinə münasibət bildirib.

O, mayın 10-da "Media forum" saytına deyib ki, ömürlük məhbusların kütləvi şəkildə aclıq aksiyası keçirməsi iddiaları yalandır:

"Qobustanda 19 məhbus aclıq aksiyası keçirib. Buna aclıq da demək olmaz. Onlar pəhriz saxladılar. Hər hansı aclıq aksiyası keçirməklə, tələblər irəli sürməklə Penitensiar Xidmətin rəhbərliyini qorxutmaq, qanunçuluğu qorumaqdan çəkindirmək mümkün deyil. Məhbusun öz tələblərini aclıq etməklə ortaya qoyması düzgün hərəkət deyil. Biz belə şeylərdən çəkinmirik. Onların tələbləri haqsız, qeyri-obyektiv və əsassızdır".

Vaxtilə barələrində ölüm hökmü çıxarılmış, 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv olunduqdan sonra ömürlük azadlıqdan məhrum edilmiş məhbusların işinə yenidən baxılmasının mümkünlüyünə gəlincə, Mədət Quliyev deyib ki, bu, Penitensiar Xidmətin səlahiyyətinə daxil deyil.

Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbuslar aprelin 18-dən aclıq aksiyası keçirib. 10 gün sürən aksiyada vaxtilə ölüm cəzasına məhkum olunmuş şəxslər cəzalarının müddətli həbslə əvəz olunmasını tələb ediblər.

AzNews.az