YAP-çı deputat Hacıbala Abutalıbovu qınadı: “Təəssüf edirəm...”

10 May 2013 15:04 (UTC+04:00)

Hakim Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Aydın Mirzəzadə Bakı meri Hacıbala Abutalıbovun jurnalistlərlə bağlı dediyi sözlərə etiraznı bildirib.

AzNews.az-ın məlumatına görə, deputat bu barədə "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb. O bildirib ki, jurnalistlərin əməyinə Azərbaycan cəmiyyətində həmişə böyük hörmət olub və var:

"Bu günlər səhifəmdə ancaq dahi Azərbaycan siyasətçisi Heydər Əliyevin xatirəsinə həsr edilmiş materiallar yerləşdirmək fikrində idim. Ancaq bu gün internet səhifələrində Bakı İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun jurnalistlərin ünvanına səsləndirdiyi bir ifadəyə rast gəldim. Təəssüf edirəm ki, o, belə bir fikir işlədib. Jurnalistlər cəmiyyətimizin görən gözü, danışan dilləridir. Onların zəhməti ilə cəmiyyət gedən proseslərdən xəbər tutur, müxtəlif fikirlərlə tanış olur, inkişaf prsosesinə öz əvəzsiz töhfələrini verirlər. Onların içərisində olan bir-iki təsadüfi şəxsə görə isə hamısına eyni qiymət vermək düzgün deyil".

Xatırladaq ki, H.Abutalıbov jurnalistlər haqqında "jurnalist görəndə elə bil, qəbirdə ölü görürəm" demişdi.

Anar
AzNews.az